"Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb".
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə bildirən ABŞ Prezidenti Donald Tramp deyib ki, çox vaxt keçib və hər şey o qədər də yaxşı deyil:
"Düşünürəm ki, indi seçkiləri keçirmək üçün ən doğru vaxtdır. Onlar seçkiləri keçirməmək üçün müharibədən istifadə edirlər, amma mən hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi olmalıdır".
ABŞ lideri onu da bildirib ki, Zelenski özünü toparlamalı və ABŞ-nin təkliflərini qəbul etməyə başlamalıdır.
Trampın sözlərinə görə, Avropa Ukrayna münaqişəsini həll etməkdə çətinlik çəkir.
Ukrayna Prezidenti Vladimir Zelenski prezident seçkilərini keçirməyə hazır olduğunu bəyan edib: "Mən həmişə hazıram".
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib ki, ümumiyyətlə ABŞ Orezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə davamlı təzyiqlər edir.
Ekspert vurğulayıb ki, Tramp Zelenskidən Rusiyaya ərazi güzəştinə gedərək müharibəni dayandırmasını tələb edir:
"Donald Tramp Ukrayna prezidentini başqa məsələlərdə də tənqid hədəfinə çevirir. Onun Rusiya-Ukrayna müharibəsinin bitməsinə dair sülh planını oxumadığını iddia edir. İndi də seçkilərə getməsini istəyir. Bu, konkret olaraq ABŞ rəhbərinin "Zelenskini görmək istəmirəm" mesajıdır”.

Məhəmməd Əsədullazadə: Aİ-nin siyasi dəstəyi nəticəsində Zelenski ABŞ və Rusiyaya öz müqavimətini göstərir
Müsahibimiz hesab edir ki, bu məsələdə ABŞ və Rusiya koordinasiyalı çalışır. Dediyinə görə, Rusiya da Zelenskini hakimiyyətdə görmək istəmir:
“Təbii ki, Avropa İttifaqının güclü siyasi dəstəyi nəticəsində Zelenski ABŞ və Rusiyaya öz müqavimətini göstərir. Ukrayna ordusu da təmas xəttində öz mövqeyini qoruyub saxlayır. Ona görə də ABŞ-nin bu cür təzyiqlərinin nəticə verməyəcəyini düşünürəm”.
Əsədullazədə vurğulayıb ki, Zelenski ciddi şəkildə Ukraynaya təhlükəsizlik təminatı istəməkdə tam haqlıdır. Seçkilərin keçirilməsi üçün də ölkədə sabitlik olmalı, atəşkəsi təmin edilməlidir:
“Amma müharibənin gedişində hansısa seçkinin keçirilməsi təbii ki, mümkünsüz və qəbuledilməzdir"
Aydın Baxış
Bakı 



