• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Venesuela əməliyyatı İrana nə vəd edir? - Tehranın Qlobal Cənub planı

SİYASƏT

06 Yanvar 2026 | 12:30

Venesuela əməliyyatı İrana nə vəd edir? - Tehranın Qlobal Cənub planı

İranda etiraz aksiyaları davam edir. Bu aksiyalar çərçivəsində 26 vilayətin 78 şəhərində 222 yerdə nümayişlər, tətillər və tələbə etirazları qeydə alınıb. Həmçinin ölənlərin sayı 20-yə çatıb.

Məlumata görə, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə, bir neçə ərazidə davam edən qarşıdurmalara baxmayaraq, etirazların coğrafi yayılması dəyişməz olaraq qalıb. Etirazlara dəstək verənlər arasında 2020-ci ildə baş vermiş təyyarə faciəsində həlak olanların ailələri də var. Söhbət İran hava məkanında vurulan "Ukraine International Airlines" şirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsindən gedir.

Etiraz aksiyaları fonunda hökumət ABŞ-nin Venesuela əməliyyatını da sərt tənqid edib. Tehran çalışır ki, Qlobal Cənub ölkələrini Vaşinqtona qarşı bir cəbhəyə toplasın.

İranın bu mövqeyi hansı nəticələrə səbəb ola bilər? Tehranın bu addımı hansı ölkələrlə münasibəti daha da gərginləşə bilər?

Politoloq Çingiz Şahbazi Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, bu dəfə İranda davam edən etirazların səbəbi tamamilə yeni tələblər üzərində həyata keçirilir. Yəni, əvvəlki illərdə olduğu kimi ideoloji əsaslar üzərində deyil:

“Etirazçı kütlənin tələbləri arasında əsasən yaşayış və sosial zəmində mövcud problemləri əhatə edən çağırışlar və tələblər yer alır. Bu da öz növbəsində əvvəlki illərdən fərqli olaraq, daha çox etirazçı bazasını əhatə edir. Ona görə də etirazlar uzunmüddətli perspektivdə davam edərsə, ölkədə siyasi dəyişiklik qaçılmazdır. Çünki hökumət qarşısında duran vəzifələri yerinə yetirmək imkanına malik deyil”.

Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, sistemdə olan ciddi problemlər illərlə yığılıb qalmış mövcud problemlərin həlli istiqamətində böyük çətinliklərlə üzləşib. Bu çətinliklər əsasən inflyasiya, bahalaşma, xüsusilə də qida sektorunda qarşısıalınmaz qiymət artımı və işsizliklə bağlıdır:

“Söhbət gündəlik dolanışıqdan gedir və bu, əsasən aşağı gəlirli kütləyə, əyalətlərdə yaşayanlara və  hətta rejimin bəzi dayaqlarını əhatə edir”.

Ç.Şahbazi vurğulayıb ki, əvvəlki illərdə etirazçılar əsasən tələbələr, şəhərli orta təbəqə və ideoloji müxalifət idisə, indiki aksiyalara daha çox təbəqələri əlavə etmək olar. Bu baxımdan indiki ssenari əvvəlkilərdən rejim üçün daha təhlükəlidir. Çünki ölkədə cərəyan edən iqtisadi və sosial inflyasiyanın qarşısı alınmasa, vəziyyətin kritik həddə çatmasına şübhə qalmır.

Çingiz Şahbazi: Maduronun başına gətirilənlər İran üçün ciddi siqnal hesab oluna bilər

“Hökumət əvvəlki illərdə olduğu kimi, yenə zor tətbiq etməklə məsələni həll etmək istəyir. Lakin bu, baş verərsə, müvəqqəti xarakter daşıyan addımdır. Ölkənin belə bir durumunda əlbəttə ki, xarici amillər də öz sözünü deyə bilər. Artıq bu istiqamətdə ABŞ prezidenti Donald Tramp İran hökumətinə etirazçıların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib. Həmçinin İsrail hökuməti İranda davam edən etirazlara dəstək nümayiş etdirir və bu istiqamətdə dəstək digər ölkələrdən də ola bilər. Bu baxımdan İranda baş verənlər rejimi qorxudur və dünyada baş verənlər fonunda, xüsusilə də Venesuelada ABŞ-nın həyata keçirdiyi əməliyyatda həbs olunan ölkə başçısı Maduronun başına gətirilənlər İran üçün ciddi siqnal hesab oluna bilər”, - deyə müsahibimiz əlavə edib.

Politoloqun fikrincə, İran Venesuela kimi zəngin enerji resurslarına malikdir və üstəlik 400 kq zənginləşdirilmiş uranı var. Çox böyük ehtimalla məhz bu səbəbdən İranda sistem dəyişikliyinin həyata keçirilməsi üçün mövcud durumu, yəni etiraz aksiyalarında nəticə əldə olunmasını təmin etmək üçün ABŞ-nin dəstəyi ola bilər:

“Hesab edirəm ki, belə bir vəziyyətdə İrana ABŞ və İsrail tərəfindən hücum planı yoxdur. Çünki müharibə İran rejimi üçün hakimiyyəti qurtarmaq məqsədilə daha məqbul hesab olunan addımdır. Dərin iqtisadi böhran və sosial narazılıqları özündə əks etdirən etirazlar, genişmiqyaslı xarakter alacaq və uzunmüddətli perspektivdə davam edəcək. Xarici amillər hadisələri indiki durumda yalnız sərt bəyanatlar, hədələr və ittihamlarla nəzarət  edəcək və əlbəttə ki, dövlətin sərt cavabı hər şeyi bir anda dəyişə bilər”.

Gülşən Şərif


SON XƏBƏRLƏR