Аzərbаycаn аdını,
Vətən, tоrpаq аndını,
Ucаlаrdаn ucа tut,
Sən еy, Vətən övlаdı!
Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir.
Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik.
Vətən həyata havasını tənəffüslə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən eşqi, vətən sevgisi, vətənpərvərlik, müstəqillik əzmi!..
Min illərdir ki, millət olaraq damarlarımızda axan, qanımızda, canımızda dövr edən həyat qaynağıdır bu sevgi. Yaşatdıqca bizi yaşadan vicdan və amal meyarımızdır. Vətən durduqca biz də varıq. Vətən haradan başlayır, harada qurtarır sualı çox vaxt eşitdiyimiz və ya ünvanladığımız suallardan biri olub.
Vətən sevgisi, vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “xəmirimiz” vətənə məhəbbət hissi ilə “yoğrulmalıdır”.
Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb , bağçada , məktəbdə davam etməli, cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
Vətənə məhəbbət, öz şəxsi mənafelərini vətən yolunda qurban verməyə əsaslanan hissi və mənəvi bağlılıqdı vətənpərvərlik. Bu bağlılıq, həmçinin mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərini özündə birləşdirən milli hissiyyat, milli qürür kimi də dəyərləndirilir. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Xalqın və dövlətçiliyin formalaşmasında vətənpərvərlik onun inkişafının ümumimilli məqamlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.
Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar, şəhidlik zirvəsinə yüksəliblər. Çünki biliblər ki, Vətən uğrunda ölmək həyatın şərəfli bir formada davamıdır. Babalarımızın əmanəti olan Vətən onların sonrakı davamçıları tərəfindən də sevilib, qorunub və bu gün də sevilməkdə, qorunmaqdadır. Tariximizin hansı səhifəsini vərəqləsək, orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Əsl vətənpərvər isə Vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. Buna görə də vətənpərvərlik – söz ilə əməlin üst-üstə düşməsidir.
Hər bir vətəndaş, ləyaqətli, iradəli, əqidəli, vətənpərvər şəxs millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki, milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi birləşir. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs Vətənlə bağlı heç bir hadisəyə laqeyd qala bilməz. Ona görə ki, Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa daim sövq edir.
insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Vətəni sevmədən, qorumadan, ata-babalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrətmədən vətənpərvər yetişmək olmaz. Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə təhrik edən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hissi hələ uşaqlıq illərindən aşılamaq başlıca vəzifədir. Vətəni qorumaq millət və dövləti qorumaqdır. Millət vətən üzərində yaşayan böyük bir ailədir. Vətəni hiss edən və yaşadan ictimai vicdandır. Millət dinini, imanını, tarixini, mədəniyyətini, doğrunu-əyrini vətənində tanıyır. Vətən insanlığımızı müqəddəsləşdirən bir məsələdir. Hərbi-vətənpərvərlik tərbiyəsi bu gün böyük əhəmiyyətə malikdir. Azərbaycan xalqının ürəyi Vətən sevgisi ilə dolu olan övladları əsrlər öncəsində olduğu kimi, indi də Vətənini qorumaq, onu ucaltmaq üçün hər fədakarlığı edir, hər çətinliyə sinə gərir. Əcdadımızın mirasına sahib çıxaraq 44 günlük Vətən müharibəsində bütün dünyaya öz birliyimizi, bərabərliyimizi, Vətən sevgimizi göstərdik. Vətən sevgisindən mayalanmış igidliklə region üçün təhlükə mənbəyi olan keçmiş Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi cahana Azərbaycan adlı məmləkəti bir daha tanıtdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı qələbəyə səsləyən rəhbər çağırışı oldu. Qəhrəmanın prototipi xilaskar, möcüzə yaradan insandır. O, hərəkətə təkbaşına keçsə də, nəticədə onun uğurundan bütün xalq yararlanır. Birincisi, qəhrəman əməlləri ilə bu zirvəyə yüksəlir. O özünə hörmət edir: ona görə də başqaları üçün də məsuliyyət daşımaya, ürəyinin diktə etdiklərini həyata keçirməyə bilməz. Xalqımız öz Vətəninin, dövlətinin arxasında olduğunu, hər an işğalda olan torpaqlarımızın azad olunması üçün canlarından belə keçəcəklərini bütün dünyaya sübut etdi. Bunun üçün minlərlə vətənpərvər, cəsur, igid oğlumuz səfərbərlik nümayiş etdirdi. Bütün Azərbaycan xalqı – qocası, cavanı, fəhləsi, ziyalısı, məmuru bir sözlə hər kəs üçrəngli bayrağna sarılıb “Vətənə canımız fəda” deyə Vətənin səsinə hay verdi. Bax, budur vətənpərvərlik, budur Vətən sevgisi.
Qəhrəmanlar bütün zamanlarda bizə lazım olan liderlərdir. Ancaq cəsarətli addımları ilə cəmiyyətdə fərqlənən insanlar milyonları öz yollarıyla, açdıqları cığırla apara bilirlər. Yazıçı, vaxtilə İngiltərənin baş naziri olmuş Bendjamin Dizraelli deyirdi: “Qəhrəmanlığa inamı qəhrəmanlar yaradır”. “Qurd ürəkli” yetişmək olmur, o cür doğulurlar. Onların beyninə heç bir şey xüsusi olaraq yeridilmir, yaranışdan zəkalı olurlar. Vətən və Ana məfhumu hər hüceyrəsində yaşayır. Geri çəkilmirlər, əksinə hədəflərinə doğru qorxmadan, yorulmadan, nəfəs belə dərmədən irəliləyirlər. Onların dəyərləri də özləri qədər alidir. Məhv olmurlar- məhv edirlər, büdrəmirlər-uçuruma yuvarlayırlar, əzilmirlər-əzirlər. Ən nəhayət, prinsipləri ilə yaşayırlar... pozulmaz prinsipləri ilə...
Əminliklə deyə bilərik ki, Azərbaycan dövləti, hakimiyyəti öz siyasi kursu, iqtisadi yüksəlişi ilə minlərlə vətənpərvər vətəndaşı yetişidrməyə davam edəcək. Vətənpərvər övladı, ziyalı, düşüncəli, qabiliyətli vətəndaşı olan Vətən heç vaxt darda qalmaz. Doğma, əziz, hər birimiz üçün müqəddəs olan Azərbaycanımızda döyünən on milyon “Ürək” Vətən üçün çırpınır. Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan ordusunun şücayəti, Azərbaycan xalqının birliyi ilə daha böyük zəfərlərə imza atacaq.
Sonda sözlərimi Türk dünyasının böyük şəxsiyyəti, kimya üzrə Nobel mükafatçısı, professor Əziz Sancarın fikirləri ilə tamamlamaq istəyirəm : “Vətən sevgim olmasa idi buralara gəlib çata bilməzdim. Çox çalışın, uşaqlarınıza da həm çalışmağı, həm də Vətən sevgisini öyrədin”.
Rövşən Məmmədli
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşı