• Bakı 25° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Vitrində bir, kassada başqa qiymət: Necə aldadılırıq?

CƏMİYYƏT

20 Iyun 2025 | 11:52

Vitrində bir, kassada başqa qiymət: Necə aldadılırıq?

Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qiymət uyğunsuzluğuna görə bəzi marketlər şəbəkəsinə inzibati xətalar protokolu tərtib edilib.

Məlumdur ki, qiymət uyğunsuzluğuna yalnız marketlərdə rast gəlinmir. Apteklərdə, mağazalarda, restoranlarda və digər iaşə obyektlərində də bu halla üzləşmək mümkündür.

Qiymət uyğunsuzluğuna qarşı necə mübarizə aparmaq lazımdır ki, effektiv olsun? Qiymət intizamını pozanların daha sərt cəzalandırılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qiymət uyğunsuzluğu ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi monitorinqlərin sayını artırmalıdır.

Onun sözlərinə görə, qiymət uyğunsuzluğu ilə bağlı ciddi nöqsanlar mövcuddur. Bir çox hallarda vətəndaşlar artıq bu vəziyyətə öyrəşmiş kimi davranırlar. Bu isə ölkənin ticarət və iaşə sahələri üçün çox böyük nöqsandır. Bu cür halların aradan qaldırılması üçün bəzi hallarda gizli alış üsullarından istifadə olunmalıdır:

"Monitorinqlər istehlakçıların hüquqlarının müdafiə olunması məqsədilə bütün istehlak obyektlərində aparılmalıdır ki, mövcud qiymət uyğunsuzluğu müəyyənləşdirilsin. Lakin məsələ ancaq cərimələrlə yekunlaşmamalıdır. Əgər yalnız cərimələr tətbiq olunarsa, arzuolunan nəticələri əldə etmək mümkün olmayacaq. Çünki bəzi iri obyektlərin cərimələri ödəməsi onlar üçün problem yaratmır və adi hal kimi yanaşırlar. Bu məsələdə həm alıcılar maarifləndirilməli, həm də qiymətlərin sistem vasitəsilə vahid formada sinxronlaşdırılması həyata keçirilməlidir. Qiymət uyğunsuzluğuna yol verən obyektin lisenziyası varsa, qadağa qoyulmalı və obyektin bir müddət cəza olaraq fəaliyyətinə məhdudiyyət qoyulması məqsədəuyğundur. Bu, obyekt sahibləri üçün ciddi siqnal ola bilər”.

Vüqar Oruc: İctimai nəzarətin təmin olunması ən vacib məsələlərdən biridir

Müsahibimizə görə, eyni zamanda bu məsələdə təkcə dövlət qurumları deyil, ictimai nəzarətin keçirilməsinə də ehtiyac var. Onun fikrincə, çünki ictimai nəzarətin təmin olunması ən vacib məsələlərdən biridir:

“Cəmiyyət o zaman bütün istiqamətlər üzrə arzuolunan səviyyədə formalaşır ki, orada ictimai nəzarət təmin edilir. Dövlət qurumları dövlət nəzarətini hərtərəfli təmin etməyə bilər. Ona görə ki, dövlət qurumların kadr ehtiyatı elə də çox deyil".

Qeyd edək ki, qiymət intizamının pozulması cərimə ilə nəticələnir. İnzibati Xətalar Məcəlləsinə əsasən, satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət cədvəllərinin və ya menyuların olmamasına, eləcə də onların düzgün tərtib edilməməsinə görə sahibkarlar 800 manatdan 1000 manatadək məbləğdə cərimə ödəməli olurlar. Satılan mal və xidmətlərin dəyərini manatla göstərməyənlər də cərimələnirlər. Belə ki, həmin şəxslər üçün sanksiya məbləği 1100-1650 manat arasında dəyişir.

Həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən, malın və ya xidmətin ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların aldadılması 2 formada təsvir edilir. Belə ki, istehlakçının az miqdarda - yəni 5 min manatadək aldadılması cərimə ilə həll olunur. Məsələn, az miqdarda aldadılmaya görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək, hüquqi şəxslər isə 4.000 manatdan 6.000 manatadək cərimə ilə üzləşirlər. Aldadılma 5 min manatdan çox olduqda isə cinayət məsuliyyəti yaranır.

Gülşən Şərif


SON XƏBƏRLƏR