Vyetnamda “Yagi” qasırğası nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb, daha 229 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, VnExpress internet nəşrinin bu gün yaydığı məlumata görə, ən çox zərər ölkənin şimal-şərqindəki Quanqnin əyalətinə dəyib.
Təbii fəlakət 110 min hektara yaxın çəltik plantasiyalarının su altında qalmasına səbəb olub. Bundan əlavə, 8 mindən çox binaya ziyan dəyib, elektrik enerjisi təchizatında və rabitədə fasilələr yaranıb. Hazırda tayfun zəifləsə də, meteoroloqlar ölkənin 25 şimal əyalətindən 17-də torpaq sürüşməsi riskinin qaldığı barədə xəbərdarlıq edirlər.
“Yagi” son onilliklərdə Vyetnamı vuran ən güclü qasırğa hesab edilir.
***
08:42
Vyetnamın şimal hissəsini cənginə alan güclü “Yaqi” qasırğasının törətdiyi fəsadlar nəticəsində 21 nəfər ölüb, 229 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Vyetnamın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi açıqlama yayıb.
Son 30 ilin ən güclü qasırğası olan “Yaqi”nin gətirdiyi külək və şiddətli yağış paytaxt Hanoy, Hayfonq, Hayduanq şəhərlərində, Yenbay, Kuanqnin, Laokay və Lanqson əyalətlərində infrastruktura xeyli ziyan vurub. Qasırğa 121 min hektar əkin sahəsində bitkiləri, 5 min hektar sahədə meyvə ağaclarını məhv edib, 3 milyon istehlakçının elektrik təchizatında fasilələr yaranıb. Məşhur turizm məkanı olan Halonq buxtasında 20 qayıq batıb. Bir neçə hava limanında ümumilikdə 400 reys ləğv edilib.
Laokay əyalətinin Sapa şəhərində torpaq sürüşməsi 26 nəfərin yaşadığı 4 evi dağıdıb. Onlardan cəmi 9 nəfəri xilas ola bilib.
Hava şəraiti ilə əlaqədar bölgədə turizm məkanları bağlanıb.