• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

X Qlobal Bakı Forumu başa çatdı - YENİLƏNİB

CƏMİYYƏT

11 Mart 2023 | 16:44

X Qlobal Bakı Forumu başa çatdı - YENİLƏNİB

X Qlobal Bakı Forumu başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Forum çərçivəsində gənc liderlərin iştirakı ilə sonuncu panel müzakirəsi keçirilib.

Panelin moderatoru Ukraynanın 2005-2010-cu ildə birinci xanımı olmuş Katerina Yuşenko çıxış edərək bildirib ki, əhəmiyyətli məsələləri müzakirə etmək üçün dialoqun təmin edilməsi indiki liderlər üçün çox vacibdir, lakin gələcək liderlər üçün bu, daha vacibdir.

Onun sözlərinə görə, indiki və keçmiş diplomatik nümayəndələr, əlbəttə ki, buradakı müzakirələri xatırlayacaqlar, lakin gənclər Bakıda, bu Forumda öyrəndiklərini tətbiq edəcəklər.

O deyib ki, gənc liderlər keçmiş liderlərin səhvlərindən dərs çıxararaq müvafiq addımlar atırlar.

Panel müzakirəsində Latviyadan, Ukraynadan, Azərbaycandan olan gənclər təhlükəsizlik problemlərini, Rusiyanın Ukraynada apardığı müharibə və onun nəticələrini, silahsızlaşam siyasətini, qaçqınlar problemini müzakirə ediblər.

 

10:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, Forum çərçivəsində “Aİ kontekstində Qərbi Balkan regionu” mövzusunda növbəti panel iclası keçirilib. 

Bosniya və Herseqovinanın 2001-2002-ci illərdə Baş naziri; Bosniya və Herseqovinanın 2012-2015-ci illərdə Baş nazirinin müavini Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən panel iclasında 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç, 2009-2010-cu illərdə Çexiyanın Baş naziri Yan Fişer, 1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov, Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku və Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiç iştirak ediblər.

İclasda çıxış edən 2015-2020-ci illərdə Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç həmişə qonşu ölkələrin Aİ və NATO-ya daxil olmasını dəstəklədiyini bildirib:

“Aİ qlobal elementə çevrilmək istəyirsə, Qərbi Balkanları üzv etməlidir. Hesab edirəm ki, Balkan ölkələrinin Aİ-yə qoşulması regionun bütün ölkələri üçün ümumi müzakirə platforması yaradacaq. Zaman dəyişdi, Ukraynadakı müharibə Aİ-nin bütün təhlükəsizliyini pozdu”.

Eks-prezidentin sözlərinə görə bəzi ölkə rəhbərləri son zamanlar söyləyirlər ki, Aİ üzvü olmaq istəyirlər: “Mənə maraqlıdır ki, onlar bu sözü deyən zaman nə qədər səmimidirlər?!”

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti Petar Stoyanov isə qeyd edib ki, Ukraynanın Avropa İttifaqına üzv olunması çox vacibdir:

“Cənab Volodimir Zelenski də bu prosesin tezləşdirilməsini xahiş edib. Artıq Ukraynanın Avropa İttifaqına üzv olmasına dair prosedurun həyata keçirilməsi sürətli şəkildə başlanılıb. Bildiyiniz kimi, Ukraynadan başqa Gürcüstan və Moldova da Aİ-yə üzvlüklə bağlı müraciət ediblər”.

Rumıniyanın 1996-2000-ci illərdə Prezidenti Emil Konstantinesku vurğulayıb ki, Qərbi Balkanların Avropa İttifaqına inteqrasiyası olmasa bu qurumda hər hansı bir inkişaf olmayacaq.

Monteneqronun 2012-2016-cı illərdə müdafiə naziri Miliça Peyanoviç-Durisiçin fikrincə belə forumlarda danışmaq lazımdır: “Biz məqsədlərdən danışmalıyıq. Hesab edirəm ki, Qlobal Bakı Forumu faydalı olacaq. Rusiyanın Ukraynaya təcavüzü Monteneqrodakı vəziyyətə də təsir göstərib. Bizdə iki həftədən də az müddətdə prezident seçkiləri keçiriləcək. Monteneqro kiçik ölkədir. Biz böyük alyansın üzvü olmalıyıq”.

Panel iclası çıxışlarla davam etdirilib.
 

09:27

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun 3-cü (sonuncu) günü işə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bugünkü panel müzakirələrə aşağıdakı mövzular daxildir:

"Avropa Birliyi kontekstində Qərbi Balkanlar”

“Yaxın Şərqdə və onun hüdudlarından kənarda sülh, sabitlik və inkişaf axtarışları”

“Afrikanın geo-strateji əhəmiyyəti: imkanlar və çağırışlar”

“Gənclər danışır, biz dinləyirik”

Xatırladaq ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu il 10-cusu baş tutan foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026