“Aylardı öskürək öldürür. Tək öskürək osaydı, dərd yarıdı. Koronada olan əlamətlərdir. Elə bil COVİD qayıdıb”.
Bakıvaxtı.az xəbər verir ki, əhali arasında belə şikayətlər son zamanlar xeyli artıb. Öskürək, qızdırma, kürəkdə ağrı ilə müşahidə olunan bu xəstəlik insanların gündəlik həyatlarında narahatlığa səbəb olur.
Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, son günlər havaların kəskin dəyişməsi və temperaturun aşağı düşməsi nəticəsində soyuqdəymə hallarında artım müşahidə olunur.
Günay Lətifova, terapevt
G.Lətifovanın sözlərinə görə, xüsusilə də xroniki xəstəlikləri olan, o cümlədən tənəffüs yolları ilə bağlı problemlər yaşayan insanlar üçün bu dəyişikliklər daha mənfi təsir göstərir.
“Ümumi qiymətləndirmə aparsaq, hazırda konkret olaraq koronavirus və ya başqa bir virusun adı ilə bağlı statistik göstəricilər mövcud deyil. Buna baxmayaraq, profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması tövsiyə olunur”.
Həkim hər kəsi hava şəraitinə uyğun geyinməyə, sağlam qidalanmağa, həkim müşahidəsi ilə vitamin və maye qəbuluna diqqət yetirməyə çağırır. Müsahibimiz əlavə edib ki, əgər artıq narahatlıq və ya ilkin əlamətlər hiss olunursa, mütləq şəkildə ailə həkiminə və ya terapevtə müraciət edərək uyğun müalicəyə başlamaq vacibdir.
“Sağlamlığınızı qorumaq üçün vaxtında tədbir görmək ən doğru yoldur”,- deyə Günay Lətifova qeyd edib.
Mina Mikayılova