“Baş verən yanğınların çoxu birbaşa insan faktoru ilə bağlıdır”.
Bunu Bakıvaxtı.az-a təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev son günlər yanğın hadisələrinin artmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, yanğının əmələ gəlməsi üçün üç elementin iştirakı lazımdır: yanar maddə, oksigen və istililik. Yəni bu üç element eyni yerdə olduğu halda, təhlükəsizlik qaydalarına riyaət olunmadığı təqdirdə yanğın əmələ gəlir: “Məsələn, divan, şkaf, stol, stul və s. bu kimi şeylər yanan əşyalardır. İstilik və oksigen olduğu halda yanar material yoxdursa, yanğın əmələ gəlmir. Yəni qeyd etdiyim üç elementdən biri olmadıqda yanğın əmələ gəlmir”.
Ekspert vurğulayıb ki, baş verən yanğınların çoxu birbaşa insan faktoru ilə bağlıdır. E.Nurəliyev qeyd edib ki, insanlar təhlükəsizlik qaydalarına riyaət etmirlər, bu da, təbii ki, yanğın hadisələrini qaçılmaz edir.
“Hesab edirəm ki, istər iş yerlərində, istər yaşayış evlərində, istər meşə ətrafı yerlərdə istirahətə getdikdə insanlar qaydalara riyaət etməlidirlər”.
Onun dediyinə görə, ümumiyyətlə, elektrik avadanlıqlarını saatlarla, nəzarətsiz halda cərəyanda saxlamaq, eyni anda bir neçə elektrik avadanlığından istifadə etmək də yanğını əmələ gətirən başlıca səbəbdir: “Evlərdə baş verən yanğınların da böyük əksəriyyəti bunların payına düşür”.
Aytac Aslan
















