Yaponiyada evli cütlüklərin ayrı yatması xoşbəxt ailə həyatının sirri kimi qəbul edilir. Şəxsi məkanın qorunması və yuxu keyfiyyətinə önəm verən bu ənənə həm mədəni, həm də praktiki səbəblərə əsaslanır.
Bir yataqda yatmaq yaxınlığın göstəricisi sayılsa da, Yaponlar sağlam yuxunun münasibətlər üçün daha vacib olduğunu düşünürlər. Fərqli yuxu rejimləri, xoruldama və narahat hərəkətlər cütlüklərin dincəlməsinə mane ola bilər. Ayrı yatmaq bu problemlərin qarşısını alır, hər kəsin daha yaxşı yuxu almasını təmin edir.
Bundan əlavə, anaların uşaqları ilə birlikdə yatması da Yapon ailələrində geniş yayılıb. Bu, ata və ananın fərqli otaqlarda yatmasını zəruri edir. Eyni zamanda, şəxsi məkanın qorunması cütlüklərin bir-birinə hörmətini artırır, münasibətlərə müsbət təsir edir.
Araşdırmalar göstərir ki, sağlam yuxu stresin azalmasına və emosional balansın qorunmasına səbəb olur. Yaponlar hesab edir ki, yaxşı istirahət etmiş insanlar münasibətlərində daha anlayışlı və sevgi dolu olurlar. Bu səbəbdən ayrı yatmaq, ailə həyatında harmoniya yaratmağın effektiv yollarından biri kimi qəbul edilir.
Yaponların bu yanaşması göstərir ki, xoşbəxt evlilik təkcə fiziki yaxınlıqdan deyil, həm də şəxsi məkanın və rahatlığın qorunmasından asılıdır. /Yenisabah.az