"Qarabağdakı separatçılara zəhər verənlər var idi, onlar nəyəsə ümid edirdilər. Cənab Prezidentin gözəl bir sözü var, vurğulayır ki, "mən nəyi, nə zaman və necə edəcəyimi bilirəm"".
Bakıvaxtı.az-ın məlumatına görə, bunu millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, dövlət başçısının öz çıxışında qeyd etdiyi kimi Vətən müharibəsindən sonra ermənilər qorxmuşdular, səsləri çıxmırdı: "Nə oldu ki, yenidən başladılar?! Deməli, onları zəhərləyənlər, dəstək verənlər var. Separatçılar nəyəsə, kiməsə güvənməyə, arxalanmağa başladılar. Hətta özlərinə qondarma seçkilərlə saxta prezident seçdilər. Əski parçasını "bayraq" kimi başlarının üstündən asırlar. Bunun qarşısını cənab Prezident aldı, bizim müzəffər Ordumuz aldı”.
Deputat bildirib ki, BMT-də müzakirələr aparırlar: “Bu məsələni Fransa qaldırıb. Nəyi müzakirə edəcəksən? Öz hiyləgərliyini, separatçılara olan dəstəyini, yoxsa Azərbaycanın haqlı mübarizəsinimi müzakirə edəcəksən? Hansı sənədi qəbul etdirmək istəyirlər? Bu suallar Azərbaycan xalqını həmişə düşündürməlidir”.
S.Seyidov qeyd edib ki, əsla sakitləşməməliyik. Hər zaman bilməliyik ki, ermənilər məcburən razılığa gəldilər: “Əslində bunu istəmirdilər. Bakıya olan telefon zəngləri də ona dəlalət edirdi ki, Azərbaycanı heç bir şərt, tələb olmadan atəşkəsə çağırırdılar. Cənab Prezident "yox" dedi və bildirdi ki, ancaq silahı yerə qoymaq və təslim olmaq şərti ilə anti-terror tədbirləri dayandırılacaq. Görün, Qarabağa nə qədər tank, silah-sursat, texnika yığmışdılar”.
“Yevlax görüşündə Azərbaycan qətiyyətli mövqeyini yenə təkrar edəcək. Əgər zərrə qədər geri dönüş, təxribat meyilləri hiss edək, bilsinlər ki, dəmir yumruq yenə yerindədir. O halda cənab Prezidentin dəmir iradəsi yenə işə salınacaq", - deyə Səməd Seyidov vurğulayıb.
Aydın Baxış
















