Sosial şəbəkələrə sahib olan bütün şirkətlərdən Türkiyə qanunvericiliyinin tələblərinə riayət etmək tələb olunur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç çərşənbə axşamı jurnalistlərə ölkədə instaqram sosial şəbəkəsinə girişin bloklanması qərarını şərh edərkən deyib. “Heç kimin qanunla imtiyazı yoxdur. Qanun qarşısında hamımız bərabərik. Dövlət cinayətlərin qarşısının alınması istiqamətində, o cümlədən interaktiv məkanda addımlarını davam etdirəcək”.
Tunç Türkiyə İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTK) avqustun 2-dən respublikada instaqrama girişin bloklanması qərarını tamamilə haqlı adlandırıb.
Nazirin sözlərinə görə, BTK-nin Türkiyə Cinayət Məcəlləsinin maddələrində təsbit olunmuş cinayətlərlə mübarizə aparmaq hüququ var.
Ədliyyə Nazirliyinin rəhbəri xatırladıb ki, Cinayət Məcəlləsinin maddələrinə aid olan statuslarla bağlı sosial şəbəkə rəhbərliyi əvvəlcədən məlumatlandırılıb. “Sosial şəbəkələrdəki paylaşımlar Türkiyə vətəndaşlarının hisslərinə təsir etməməlidir. Bu məzmunlar silinərsə, instaqram sosial şəbəkəsinə giriş problemi avtomatik həll olunacaq. Hər şey çox sadədir”, -deyə Tunç vurğulayıb.