• Bakı 13° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Bir anlıq səhv – bir ömürlük faciə: Ölümlə nəticələnən qəzalar artır

CƏMİYYƏT

24 Noyabr 2025 | 14:01

Bir anlıq səhv – bir ömürlük faciə: Ölümlə nəticələnən qəzalar artır

Son dövrlərdə yol qəzalarının sayı ciddi şəkildə artıb və biz tez-tez faciəvi nəticələrlə üzləşirik.

Bir çox hallarda bu hadisələr insan itkisi ilə nəticələnir ki, bu da həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha ciddi şəkildə gündəmə gətirilməsini tələb edir. Belə bir vəziyyətdə sürücülərin avtomobili diqqətli, qaydalara uyğun və sürət həddini aşmadan idarə etməsi həyati əhəmiyyət daşıyır.

Rauf Ağamirzəyev: Ölüm göstəriciləri əsasən sürət faktoru ilə bağlıdır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, dünyanın bütün ölkələrində yol qəzaları baş verir, lakin əsas məsələ bu qəzaların nəticələridir. Əgər hadisə ölümə səbəb olursa, burada artıq fiziki infrastruktur həlləri tətbiq edilməlidir ki, nəticələrin ağırlığını azalda bilək.

Onun sözlərinə görə, şəhər daxilində sürətin məhdudlaşdırılması yalnız nişan və cərimələrlə mümkün olmur:

“Fiziki maneələr yaradılmalıdır ki, sürətlə hərəkət etmək real olaraq qeyri-mümkün olsun. Bunun üçün zolaqların ensizləşdirilməsi, eyni səviyyəli keçidlərdə təhlükəsizlik adacıqlarının qurulması, “Berlin yastığı” tipli sürət azaldıcıların tətbiqi, kontrast işıqlandırmanın gücləndirilməsi kimi həllər vacibdir. Yaşayış məntəqələrinin girişində qurulan adacıqlar da sürücüyə həmin zonaya daxil olduğunu fiziki olaraq hiss etdirən elementlərdir".

Ekspert bildirir ki, bu cür həllərin sayı artdıqca, qəzaların nəticələrinə real təsir etmək mümkündür. Azərbaycanda qəza sayı dünya ilə müqayisədə çox olmasa da, ölüm göstəriciləri yüksəkdir və bu, əsasən sürət faktoru ilə bağlıdır. Sürətin məhdudlaşdırılmasına dair mövcud yanaşmalar yetərli deyil, çünki infrastruktur səviyyəsində gücləndirmə aparılmalıdır:

"Digər mühüm məqam isə qəza ocaq xəritələrinin hazırlanmasıdır. Hansı ərazilərdə daha çox hadisə baş verdiyi müəyyənləşməli və riskli nöqtələrdə fiziki həllər artırılmalıdır. Bundan əlavə, diqqəti yayındıran risklərin azaldılması üçün keçidlər daha funksional olmalı, müyəssər olmayan keçidlərin yanında təhlükəsiz dublörlər qurulmalı, eyni səviyyəli, işıqforla tənzimlənmiş zebralar artırılmalıdır. Bu, həm piyadaların rahatlığını təmin edir, həm də sürücüləri daha diqqətli olmağa vadar edir".

Elvin Hacıyev: Yolda diqqətli və məsuliyyətli davranmaq hər kəsin borcudur

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məsələ ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi profilaktik və maarifləndirici tədbirlər həyata keçirilir. Görülən işlərin intensivliyinə baxmayaraq, bəzi sürücülərin qaydalara biganə və məsuliyyətsiz yanaşması hələ də qəzalara səbəb olur.

İdarə rəsmisi vurğulayıb ki, həm sürücülər, həm də piyadalar üçün davamlı şəkildə çağırışlar edilir və media, sosial şəbəkələr vasitəsilə təhlükəsizlik mesajları geniş ictimaiyyətə çatdırılır. İl ərzində müxtəlif maarifləndirmə aksiyaları, o cümlədən və uşaqlar üçün nəzərdə tutulan xüsusi tədbirlər təşkil olunur:

"Məktəblərdə və universitetlərdə keçirilən görüşlərdə müəllimlərə, valideynlərə və şagirdlərə yol hərəkəti qaydalarının aşılanmasının vacibliyi izah edilir. Yol Polisi xatırladır ki, uşaqların təhlükəsizliyi üçün valideynlər də evdə övladlarına qaydaları öyrətməli, məktəbdən çıxan zaman düzgün keçiddən istifadə etmələri diqqətə çatdırılmalıdır".

E.Hacıyevin sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, baş verən qəzaların əksəriyyəti sürücülərin sürət həddini aşması, məhdud görünmə şəraitində ehtiyatsız davranması, həmçinin diqqəti yayındıran hərəkətlər - xüsusilə mobil telefondan istifadə ilə bağlıdır. Bundan başqa, texniki nasaz avtomobillərin idarə olunması da həm qəzalara, həm də tıxaclara səbəb olur.

Qurum sürücülərə müraciət edərək bildirir: yol hərəkəti qaydalarına ciddi riayət etmək həyat üçün vacibdir. Yolda diqqətli və məsuliyyətli davranmaq hər kəsin borcudur ki, insanlar mənzil başına təhlükəsiz çatmağa nail olsun.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR