• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Yoluxma sayı artır: Qapanmaya gedilir?

CƏMİYYƏT

30 Iyun 2022 | 13:04

Yoluxma sayı artır: Qapanmaya gedilir?

Son bir həftə ərzində dünyada 4,18 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 8,5 mindən artıq insan isə koronavirusdan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir. Məlumata görə, iyunun 13-dən 19-dək koronavirusa 4 182 217 nəfər yoluxub, 8 552 nəfər isə koronavirusdan ölüb. Qeyd olunub ki, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 3 faiz artıb.

Bu arada ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus da COVID-19-a yoluxma hallarının 100-dən çox ölkədə artdığına diqqət çəkib. COVID-19-un alt variantları olan BA.4 və BA.5-in 110 ölkədə yoluxma hallarının artmasına səbəb olduğunu deyən baş direktor qlobal vəziyyətin kəskinləşə biləcəyini qeyd edib.

Epidemiyanın hələ bitmədiyinə işarə edən Qebreyesus deyib ki, epidemiyanın forması dəyişir. Onun sözlərinə görə, hesabat və genomik ardıcıllıqlar azaldıqca, virusu izləmək qabiliyyətimiz təhlükə altına düşür, yəni Omikronu izləmək və gələcəkdə yaranan variantları təhlil etmək çətinləşir.

Əksəriyyət son günlər koronavirusa yoluxma hallarında müşahidə olunan artımın yeni qapanmalara gətirib çıxara biləcəyini güman edir. Hətta bəzi Avropa ölkələrində yay tətilindən sonra qapanmalara gediləcəyi iddiası səsləndirilir.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, kollektiv immunitetin tam formalaşmadığı Avropa ölkələrində məsələ bir qədər fərqli ola bilər: “Orada müəyyən karantin qaydaları hesabına payızdan üzü yaya doğru azalmaya nail olunubsa, yenidən artma müşahidə edilə bilər. Ümumi baxdıqda isə, əlbəttə ki, koronavirusda aktivləşmə qeydə alınacaq və yoluxma sayında artımlar müşahidə ediləcək”.

Müsahibimizə görə, amma burada pandemiyadan, koronavirusun yeni dalğalarından söhbət getmir. Sadəcə olaraq ölkələr üzrə müəyyən artımlar müşahidə ediləcək. Xüsusən də, peyvəndlənmənin kifayət qədər olmadığı ölkələrdə payız fəslində yüksək yoluxma müşahidə edilə bilər.

M.Əliyev qapanmalara gediləcəyinə inanmadığını deyib. Onun sözlərinə görə, qapanmalar olsa belə lokal şəkildə ola bilər: “Misal üçün, əgər Çində yoluxma sayı çox artarsa, ora gediş-gəliş məhdudiyyətləri qoyula bilər, ordan gələn şəxslər test verə, müayinələrə cəlb oluna bilərlər. Ancaq, düşünürəm ki, virusa yoluxmanın artmadığı ölkələrdə qapanma müşahidə olunmayacaq”.

Aytac Aslan


SON XƏBƏRLƏR