Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xorvatiya Respublikasının Mədəniyyət və Media Nazirliyi arasında mədəni əməkdaşlıq çərçivəsində iyunun 25-də Zaqreb Musiqi Akademiyasında Azərbaycan musiqiçilərinin möhtəşəm caz konserti keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Konsert proqramını Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Xorvatiya rəsmiləri, bu ölkədəki diplomatik korpusun təmsilçiləri, mədəniyyət və ictimaiyyət nümayənələri izləyiblər.
Gecədə Əməkdar artistlər Sevda Ələkbərzadə, İsfar Sarabski, həmçinin İlkin Dövlətov və Bəhruz Zeynalov bir-birindən maraqlı musiqi nömrələrini ifa ediblər. Proqramda klassik Azərbaycan caz nümunələri ilə yanaşı, milli muğam elementlərini özündə ehtiva edən kompozisiyalar da səsləndirilib.
Bütün ifaçıların çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlala qarşılanıb.
Azərbaycan caz musiqisi özünəməxsus improvizasiya üslubu, Şərq və Qərb musiqi elementlərinin sintezi ilə seçilərək dünya musiqi mədəniyyətində xüsusi yer tutur. Zaqrebdə keçirilən konsert bu zəngin irsin beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından mühüm hadisədir.
Konsert proqramı eyni zamanda iki ölkə arasında mədəni əlaqələrin inkişafına, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasına və gələcək birgə layihələrin formalaşdırılmasına töhfə verən əlamətdar mədəni platforma kimi əhəmiyyətlidir.