• Bakı C

    3.89 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Zəngəzur dəhlizi regionun strateji xəritəsini dəyişir - AÇIQLAMA

SİYASƏT

10 Fevral 2026 | 16:46

Zəngəzur dəhlizi regionun strateji xəritəsini dəyişir - AÇIQLAMA

Azərbaycanın artan diplomatik çəkisi Cənubi Qafqazda uzunmüddətli siyasi sabitlik və iqtisadi inteqrasiya üçün yeni regional imkanlar yaradır. Enerji layihələri və strateji tranzit marşrutları ilə Bakı Avrasiyanın təhlükəsizlik və iqtisadiyyat mərkəzinə çevrilir. Bu, həm də regional sülh təşəbbüslərinin möhkəmlənməsinə və qlobal güclərlə tərəfdaşlıq imkanlarının artmasına şərait yaradır.

ABŞ və digər beynəlxalq güclərlə strateji tərəfdaşlıq, regionda kənar təsirlərdən azad, dayanıqlı bir güc mərkəzinin formalaşmasına imkan verir. Azərbaycan postmünaqişə dövründə neytral və konstruktiv aktor kimi sülh təşəbbüslərinin institusional əsaslar üzərində qurulmasını təmin edir. Eyni zamanda beynəlxalq platformalarda aktiv iştirak, Bakıya siyasi prestij və əlavə manevr imkanları qazandırır. Bütün bunlar isə Azərbaycanın regional və qlobal çəkisini, nüfuzunu artırır. 

Deputat Azər Badamov Bakıvaxtı.az-a deyib ki, prezident İlham Əliyev mürəkkəb şəraitdə son dərəcə aydın vizyon, praqmatik yanaşma və uzaqgörən siyasət həyata keçirir.  Onun sözlərinə görə, Vətən müharibəsində qazandığımız Zəfər regionda yeni reallıq yaradıb:

“2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış sazişlər Zəngəzur dəhlizinin açılması çərçivəsində həyata keçirilən TRIPP marşrutunun reallaşmasına yol açıb. Bu, Zəngəzur dəhlizi vasitəsilə enerji layihələrinin icrasını da aktuallaşdırıb. Biz Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu kimi baxmırıq. Eyni zamanda, rəqəmsal, qaz və elektrik dəhlizi kimi də fəaliyyət göstərəcək. Prezident İlham Əliyevin tapşırığı ilə tikintisinə başlanmış yeni enerji dəhlizi Naxçıvanı ölkəmizin əsas enerji şəbəkəsinə birləşdirməklə yanaşı, Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji sisteminə inteqrasiyaya yol açacaq. İstehsal etdiyimiz yaşıl enerjini Naxçıvan üzərindən Avropa bazarlarına çıxarmaq imkanına malik olacağıq”.

Parlament üzvü deyib ki, son illərdə dünyada beynəlxalq bağlantı layihələrini icra edən ölkələrin sayı çox azdır:

“Azərbaycan bu baxımdan dünyaya hərtərəfli nümunədir. Biz öz gücümüzlə torpaqlarımızı işğaldan azad edərək uzun illər düşmən olmuş Ermənistana sülh əlimizi uzatdıq. Müharibənin başa çatmasından sonra qısa müddət ərzində məğlub Ermənistan qalib tərəfin bütün tələblərini qəbul edərək təklif olunmuş sülh gündəliyini təsdiq etdi. Bu gün yaradılmış reallıqlar Ermənistana da beynəlxalq tranzit layihələrinin iştirakçısı olmaq imkanı qazandırır. Bu isə regionumuzda dayanıqlı sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Yeni reallıqların lokomotivi isə Azərbaycandır”.

Azər Badamov: Azərbaycan yeni reallıqların lokomotividir

A.Badamov əlavə edib ki, dünya sürətli inkişaf mərhələsindən keçir və bu mərhələdə liderlər çətin tapşırıqlarla üz-üzə qalırlar:

“Prezident İlham Əliyev bir lider olaraq dünyada gedən proseslərdən kənarda qalmır, əksinə Azərbaycanı bu proseslərin birbaşa iştirakçısına çevirməyi bacarır. Bu gün dünyada çox azsaylı liderlərə hörmət və ehtiram göstərilir. Prezident İlham Əliyevə göstərilən yüksək ehtiram Azərbaycan liderinin məhz bu liderlər sırasında olduğunu deməyə əsas verir”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan bu gün dünyanın ən qüdrətli dövlətlərindən biri ilə münasibətlərini ən yüksək səviyyədə qurmağı bacarır. Bu münasibətlərin formalaşmasının əsas səbəbi Azərbaycanın prinsipial mövqeyindən qətiyyən geri çəkilməməsidir:

“ABŞ Prezidenti Donald Trampın Sülh Şurası adlı beynəlxalq təşkilatın yaradılması ilə bağlı qərarı və Azərbaycanı bu təşkilatın təsisçi üzvü olmağa dəvət etməsi tarixi bir uğurdur. Bu dəvət Azərbaycana göstərilən etimadın bariz nümunəsidir. Bu, Azərbaycan xarici siyasətinin beynəlxalq münasibətlər sistemində nə qədər uğurlu olduğunu təsdiqləyir. Azərbaycan hər zaman beynəlxalq əməkdaşlıqda, sülh və sabitliyin təmin olunmasında maraqlı ölkə kimi çıxış edib və atdığı addımları da bu prinsiplərə uyğun şəkildə müəyyənləşdirib”.

Aydın Baxış


SON XƏBƏRLƏR