• Bakı 19° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

ABŞ-İran qarşıdurması yaxınlaşır? - Vuçiçin narahatlığı və qlobal təhlükələr
SİYASƏT
21 Iyun 2025 | 13:34

ABŞ-İran qarşıdurması yaxınlaşır? - Vuçiçin narahatlığı və qlobal təhlükələr

Dünya yeni bir təhlükəli dönəmin astanasında dayanıb.

Serbiya Prezidenti Aleksandar Vuçiçin Yaxın Şərqlə bağlı son açıqlamaları beynəlxalq gündəmin prioritet mövzusuna çevrilib. ABŞ-nin Hind okeanı və Fars körfəzi istiqamətində hərbi güc toplaması, üçüncü təyyarədaşıyan gəminin bölgəyə göndərilməsi Vaşinqtonun İrana qarşı potensial zərbəyə hazırlaşdığı ehtimalını gücləndirir. Vuçiçin sözlərinə görə, bu, sadəcə bir güc nümayişi deyil, həm də real təhlükədir.

O, diplomatik çıxış yoluna ümid etdiyini desə də, Yaxın Şərqdəki hərbi gərginliklərin qlobal qarşıdurmaya çevrilməsi ehtimalından da narahatdır. Bu cür ssenari təkcə bölgədə deyil, qlobal iqtisadiyyatda da ciddi silkələnmələrə – xüsusilə enerji qiymətlərinin və inflyasiyanın kəskin artımına yol aça bilər. Avropanın sülh təşəbbüsləri fonunda ABŞ-ın fərqli yanaşması isə tərəflər arasında koordinasiya boşluğunu üzə çıxarır.

Mövzu ilə bağlı politoloq Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında məsələni daha dərindən şərh edərək, baş verənləri regional təhlükəsizlik kontekstində qiymətləndirib.

Müsahibimiz qeyd edib ki, Serbiya prezidenti Aleksandr Vuçiçinin narahatlıq ifadə edən açıqlaması əsasən Avropanı hərəkətə keçirməlidir. Əgər ABŞ-də İran İsrail savaşına qoşularsa Avropanın da proseslərə müdaxiləsi qaçılmaz olacaq:

"ABŞ-nin müharibəyə hazırlaşması fonunda proseslər elə həddə çata bilər ki, Avropa dövlətlərinin də birbaşa müharibədə iştirakını qaçılmaz edər. Məhz buna görə də belə narahatlıqlar təbiidir. Təbii ki, bu durumda iqtisadiyyata və iqtisadi münasibətlərə ciddi zərbə dəyir. Avropa İttifaqının hazırki müharibə ilə bağlı konkret və birmənalı mövqeyi yoxdur. Bir-birinə zidd və fərqli mövqedə olan ölkələr var".

Tural İrfan, politoloq

Həmsöhbətimiz onu da əlavə edib ki, bu problemin həlli ilə bağlı ABŞ-nin və Avropa İttifaqının qəti mövqeyinin olmaması, tərəddüdlər və digər siyasi təlatümlər Avropa İttifaqına üzv ölkələrin iqdisadiyyatına ciddi dərəcədə təsir edəcək:

"Əslində, Avropa İttifaqının mövqeyi ABŞ-nin mövcud mövqeyindən o qədər də fərqlənmir və rəsmi Vaşinqtonun İrana hərbi müdaxilə qərarına gəldikdən sonra Avropa İttifaqının aparıcı dövlətləri ona dəstək verəcək, bəlkə də İrandakı proseslərə açıq müdaxilə edəcəklər".

Əli Hüseynov


SON XƏBƏRLƏR