Şəkildə gördüyünüz uşaqların ikisi də məktəblidir.

Soldakı Adəmdir, 9 yaşı var. Deyilənlərə görə, Ağcabədi rayonunda 3-cü sinifdə oxuyur.
Sağdakı isə Fərid Babayevdir. Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin şagirdidir. 3-cü sinfi bitirməmiş 4-cü sinfə keçirilib.
Adəmi Azərbaycanda tək-tük adam olar ki, tanımasın. Biri mən idim, artıq mən də azdan-çoxdan tanıyıram.
O gün marketlərin birində çörək şöbəsinin qarşısında 10-15 nəfərin yığıldığını gördüm. Əvvəl elə bildim ki, yenə unun qiyməti dəyişib deyə, camaat çörək tədarükünü tutur. Amma yaxınlaşanda ortada balaca bir uşağın uşağa yaraşmayan tərzdə danışdığını, camaatın da “Adəm, mənimlə də şəkil çəkdir” deyərək onunla şəkil çəkdirmək üçün növbəyə durduğunu gördüm.
Heç orda da bilmədim ki, bu Adəm kimin kimidir. Ta o vaxtadək ki, ertəsi gün işdə bu hadisəni danışanda, işçilərin “ay müəllim, o “TikToker”di ey, bilirsiniz, nələr qazanır. Tanımırsınız?” dedilər. “Tanımırsınız”ı da elə tərzdə dedilər ki, Adəmi tanımadığıma görə utandım.
Deyirlər, Adəm hər axşam atasıyla “TikTok”da canlı açır, gah söyüş söyür, gah kükrəyib coşur, camaat da ona şirdir-pələngdir, nədir, ondan atır.
Onu da deyirlər ki, Ağcabədinin Hüsülü kəndindən olan 9 yaşlı Adəm oxuyub yaza bilmir.
Hətta bununla bağlı onun oxuduğu məktəbin direktorundan soruşublar ki, ay müəllim, bu uşaq niyə oxuya bilmir?
Məktəbin direktorunun dediklərindən:
- Uşağın qavrama səviyyəsi aşağıdır.
- Məktəbdə qeyri-adi hərəkətləri və sair olsa, biz onu sənədləşdirib məktəbdən kənarlaşdırarıq.
- Şagirdin məktəbdənkənar davranışları ilə bağlı valideyni ilə müzakirə aparılıb, lakin valideyn deyir, biz nə edirik ki?!
Deyiləcək başqa söz yoxdur.
İndi keçək Fərid Babayevə. O Fərid ki, bayaq qeyd etdiyim kimi, Sumqayıtda oxuyur, 3-cü sinfi bitirməmiş 4-cü sinfə keçirilib.
Onun ölkə daxilində keçirilən müxtəlif olimpiadalarda 50-yə yaxın qələbəsi var.
O, həm ilkin, həm də final mərhələsində 100%-lik nəticə ilə qızıl medal qazanıb. F. Babayev eyni zamanda ABŞ Riyaziyyat Olimpiadasında da qızıl medal qazanıb və bu uğuruna görə yayda Sinqapurda keçiriləcək olimpiadaya dəvət alıb.
Elm və Təhsil Nazirliyinin qərarı ilə Fərid 3-cü sinfi tam başa vurmadan, əldə etdiyi uğurlara görə, ikinci yarımildən təhsilini 4-cü sinif şagirdi kimi davam etdirir.
Gəlin görək, indi Azərbaycan cəmiyyətində Fərid daha çox tanınır, yoxsa Adəm? Təbii ki, Adəm.
O gün bununla bağlı müzakirə düşəndə dostlardan biri qayıtdı ki, sən Adəmi də, Fəridi də orta məktəbi, lap Fəridin universiteti belə bitirəndən sonra müqayisə edərsən. Onun dediklərini demirəm, amma gəlin, elə cəmiyyət quraq ki, Fərid kimi istedadlılar Adəmlərin əlinə baxmasın.
Vəssalam..
Bakı 












