Son günlərdə istehlak kreditləri ilə bağlı vətəndaş narazılıqları artmaqdadır. Xüsusilə də cərimə və əlavə ödənişlərin miqdarı, tətbiq olunma mexanizmi müzakirə mövzusuna çevrilib.
Bakıvaxtı.az-a daxil olan sonuncu şikayət “Kontakt Home” mağazalar şəbəkəsinin kredit siyasəti ilə bağlıdır. Vətəndaşın iddiasına görə, 108 manat məbləğində olan borcun qısa müddətli gecikməsi nəticəsində ümumi məbləğ 179 manata qədər yüksəlib. Müştəri bu artımın hüquqi əsaslarını və şəffaflığını sual altına alır.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran "Kontakt Home" mağazalar şəbəkəsinin rəsmi mövqeyində bildirilir ki, kreditlə alış zamanı müştərilərə həm şifahi, həm də yazılı formada gecikmə hallarında tətbiq olunacaq cərimə şərtləri barədə məlumat verilir. Bu məlumatlar kredit müqaviləsində ətraflı şəkildə göstərilir və müştəri həmin sənədi imzalayaraq şərtlərlə tanış olduğunu təsdiqləyir.
Cavabda qeyd olunur ki, cərimə məbləğləri hər bir gecikdirilmiş gün üçün maksimum 2%-ə qədər hesablanır. Gecikmə baş vermədən öncə müştərilərə SMS vasitəsilə xəbərdarlıq mesajları göndərilir, daha sonra isə Çağrı Mərkəzi əməkdaşları birbaşa əlaqə saxlayaraq məlumatlandırma aparırlar.
"Kontakt" əlavə edir ki, bütün bu tədbirlər müştərilərlə şəffaf və etibarlı münasibətlərin qorunması məqsədi daşıyır:
“Kredit şərtləri və cərimə mexanizmləri əvvəlcədən müqavilə formasında təqdim olunur və heç bir halda gizli öhdəlik tətbiq edilmir. Müştərilərin gecikməyə yol verməməsi üçün ardıcıl şəkildə məlumatlandırma həyata keçirilir”.
Oxşar şikayətlərin sayı barədə sualımıza cavab olaraq bildirilib ki, daxil olan hər bir müraciət fərdi şəkildə araşdırılır və nəticəsi barədə müştəriyə rəsmi cavab təqdim olunur. Lakin şikayətlərin statistikası daxili istifadə və məxfilik qaydaları çərçivəsində saxlanıldığı üçün ictimaiyyətlə paylaşılmır.
Mövzunu diqqətdə saxlayırıq.
Əli Hüseynov