• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İslanmışın yağışdan nə qorxusu - Aqil Abbas yazır
YAZARLAR
03 Avqust 2022 | 00:07

İslanmışın yağışdan nə qorxusu - Aqil Abbas yazır

Aqi̇l Abbas

Mətbuat, bir tərəfdən sosial şəbəkələr, bir tərəfdən də yüksək çinli dövlət məmurları, Operativ Qərargah yaydıqları xəbərlərdə, açıqlamalarda elə bil söz veriblər ki, bu xalqı daima vahimə və qorxu içərisində saxlasınlar.

Oxuyuram, ikinci baş nazirimiz hörmətli Mikayıl Cabbarov bir açıqlama verib ki, böhran gözlənilir. Amma bu böhrandan necə çıxacağıq, bu barədə heç nə demir. Böhran olacağını, böhran gözlənildiyini nənəm də bilir. Bütün dünyada böhran varsa, təbii ki, Azərbaycan göydən zənbillə düşmədiyinə görə, bizdən də yan keçməyəcək. Özü də Mikayıl müəllim dedi, demədi böhranı canımızda hiss edirik.

Hörmətli Mikayıl Cabbarov iqtisadçı alimləri başına yığıb böhrandan çıxış yollarını axtarmalıdı.

Heç kəsə sirr deyil ki, bəşəriyyətdə III Dünya Müharibəsi əslində çoxdan başlayıb. Rusiya Ukrayna ilə yox, bu müharibəyə ABŞ başda olmaqla NATO dövlətləri də qoşulub. Çinlə ABŞ müharibənin astanasındadı. Yaxın Şərqdə bir rahat ölkə yoxdur. Suriya, Liviya, İraq, Yəmən, İsrail, Fələstin və sairədə müharibə davam edir. Əfqanıstan da buğda yeyib behişdən çıxıb... Pakıstanla Hindistanın münasibəti də aydındı. İndi bir tərəfdən də Avropanın mərkəzində Serbiya Kosova ilə yenidən müharibə vəziyyətindədi.

Bir tərəfdən də bizdə müharibə xəbərləri yayılmaqdadır. Nə qədər prokurorluq işə qarışır, Müdafiə Nazirliyi az qala boğaz çəkib yalvarır ki, rəsmi məlumatlardan başqa ayrı məlumat yazmayın, xeyri yoxdur. Kimə deyirik?

Evdə nəvəm də soruşur ki, baba, müharibə olacaq? Deyirəm ki, qorxma, olmayacaq. Mən deyirəm olmayacaq, amma əlindəki telefon deyir olacaq.

Vahimə yaratmaq nəyə lazımdır. Bir də ki, islanmışın yağışdan nə qorxusu?! 30 ildən çoxdur müharibənin içində yaşayırıq. İkincisi də 44 günə 17 min kv.km-dən artıq ərazini işğaldan azad edən Müzəffər Ordumuz və Ali Baş Komandanımız, 44 gün əsgərlərlə bir yerdə olan xalqımız da. 2 min kv.km-də (olsun 2500) toplaşmış terrorçuları təmizləmək üçün Azərbaycan ordusuna 44 gün yox, 44 saat lazımdır. Sizi inandırıram, belə bir müharibə olsa, o incik qazilər var ey, birinci onlar gedəcək. Çünki onlar bir dəfə ölüb-diriliblər, ölüm onlar üçün adi bir şeydir və bu Vətən torpağını da canlarından və onları incidənlərdən çox istəyirlər.

Aradan iki ilə yaxın keçməsinə baxmayaraq, sülhməramlılar, daha dəqiq desək, Rusiya üzərinə düşən öhdəliyi yerinə yetirmədi. Ermənistan Xankəndi yolunu su yoluna çevirsə də, nəinki Zəngəzur dəhlizi açılıb, hətta Ağdamdan Şuşaya gedən 37 km yol da üzümüzə bağlanıb.

Putin SSRİ-ni bərpa eləmək istəyir. Amma unudur ki, SSRİ-nin dağılması Qarabağ hadisələrindən başlayıb. Əgər yenə ermənilərə "stavka" edib üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə, nəinki SSRİ-ni bərpa edəcək, Rusiyanın özü də dağılacaq.

Xalqı vahimə içərisində saxlamayın. Müharibə olacaqsa, vuruşacayıq, necə ki, 44 gün vuruşub qalib gəldik. Böhran olacaqsa, ona da hazırıq. Elə böhranın içində yaşayırıq da.


SON XƏBƏRLƏR