Azərbaycançılıq bir sözə, bir şüara, bir siyasi məfkurəyə sığmayacaq qədər böyük anlayışdır. Bu, minilliklərin süzgəcindən keçərək bu günə gəlib çatan tariximiz, dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz, mənəviyyatımız və ən əsası, özümüzü azərbaycanlı hiss etməyimizdir.
Prezident İlham Əliyevin bu gün paylaşdığı “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir” fikri əslində hər birimizin özümüzə verməli olduğumuz bir sualı gündəmə gətirir:
Bizim üçün azərbaycanlı olmaq nə deməkdir?
Azərbaycanlı olmaq səhər ananın dilindən eşitdiyin duada, atanın halal zəhmətində, nənənin danışdığı nağılda, babanın öyüdündədir. Novruz tonqalının istisində, bayram süfrəsinin bərəkətində, qonağa süzülən bir stəkan çayda, çörəyi bölüşməkdədir. Böyüyə hörmət, kiçiyə mərhəmət, dosta sədaqət, düşmənə qarşı mətinlik, çətin gündə bir-birinə dayaq olmaqdır.
Azərbaycançılıq ana dilimizi qorumaqdır. Çünki dilini itirən xalq yaddaşının bir hissəsini itirir. Bizim dilimizdə Füzulinin sevgisi, Nəsiminin fəlsəfəsi, Nizaminin hikməti, Cəlil Məmmədquluzadənin satirası, Üzeyir Hacıbəylinin sənəti yaşayır. Muğamımızda xalqımızın kədəri, sazımızda tariximiz, xalçalarımızda analarımızın ilmə-ilmə toxuduğu milli yaddaşımız var.
Azərbaycançılıq həm də Vətənə sevgidir. Bu sevgi Şuşanın daşında, Qarabağın dağında, Xəzərin sahilində, Naxçıvanın qayasında yaşayır. Bu sevgi torpağımız uğrunda canından keçən şəhidlərimizin məzarında, onların analarının göz yaşında, qazilərimizin qürurlu baxışındadır.
Biz Qarabağı yalnız torpaq parçası kimi sevmədik. Biz orada tariximizi, xatirələrimizi, doğmalarımızın ayaq izlərini, ata-babalarımızın ruhunu axtardıq. Bu gün həmin torpaqlarda üçrəngli bayrağımızın dalğalanması milli yaddaşımızın, birliyimizin və dövlətçilik iradəmizin təntənəsidir.
Amma azərbaycançılıq yalnız döyüş meydanında Vətən uğrunda can vermək deyil. Sülh dövründə də Vətən üçün yaşamaqdır. Müəllimin yetişdirdiyi savadlı şagird, həkimin xilas etdiyi insan, əsgərin qoruduğu sərhəd, jurnalistin yazdığı həqiqət, fermerin becərdiyi torpaq, gəncin qazandığı bilik – bunların hər biri Azərbaycançılığın bir parçasıdır.
Bu məfkurə bizi etnik mənsubiyyətimizə, dini inancımıza və fərqli köklərimizə görə ayırmır. Əksinə, talışın, ləzgisinin, avarın, udinin, tatın, yəhudinin, rusun və bu torpaqda yaşayan digər xalqların ortaq Vətən ətrafında birliyini ifadə edir. Azərbaycançılıq müxtəlifliyin içində birliyi, fərqli kimliklərin içində ortaq dövlətçilik ruhunu yaşatmaqdır.
Unutmayaq ki, milli dəyərlər yalnız keçmişlə fəxr etmək üçün mövcud deyil. Onları qorumaq və gələcək nəsillərə ötürmək lazımdır. Valideynə hörmət etməyən, ana dilinə laqeyd yanaşan, halal zəhməti qiymətləndirməyən, başqasının haqqını yeyən, dövlət əmlakına zərər vuran insanın Azərbaycançılıqdan danışması kifayət deyil. Çünki Vətən sevgisi ilk növbədə insanın davranışında görünməlidir.
Müasir azərbaycanlı həm öz tarixini bilməli, həm də dünyanın elmi və texnoloji inkişafından geri qalmamalıdır. Biz həm muğamımızı yaşatmalı, həm süni intellekt yaradan nəsil yetişdirməliyik. Həm Şuşanın ruhunu qorumalı, həm də Bakını dünyanın müasir şəhərləri sırasında görməliyik. Milli kimliklə müasirlik bir-birinə zidd deyil. Əsl güc bu ikisini birləşdirə bilməkdir.
Ümummilli lider Heydər Əliyevin siyasi irsində mühüm yer tutan azərbaycançılıq ideyası bu gün də milli birliyimizin və dövlətçilik düşüncəmizin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin bu məfkurəni Azərbaycanın uğurlarının təməli kimi xarakterizə etməsi də onun yalnız tarixi deyil, həm də gələcəyə hesablanmış mahiyyətini göstərir.
Məncə, azərbaycançılığın ən gözəl tərifi budur: harada olmağından asılı olmayaraq Azərbaycanı öz içində daşımaq, onun adına layiq yaşamaq, dilinə, bayrağına, tarixinə və insanına sahib çıxmaq.
Çünki azərbaycançılıq sadəcə azərbaycanlı doğulmaq yox, bunun məsuliyyətini hiss etməkdir.
Vətən bizim doğulduğumuz yer deyil, uğrunda yaşamağı, qorumağı və gələcək nəsillərə əmanət etməyi bacardığımız dəyərdir.












