İyunun 10-da Qazaxıstan və Ermənistan hökumətləri arasında iqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov brifinqdə bildirib.
Onun sözlərinə görə, iclas videokonfrans formatında keçiriləcək.
Qazaxıstan tərəfdən komissiyanın həmsədri baş nazirin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarindir. Ermənistan nümayəndə heyətinə isə baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edəcək.
"İclas zamanı ticari-iqtisadi əməkdaşlıq, sənaye, geologiya və yerin təkindən istifadə, informasiya-kommunikasiya və yüksək texnologiyalar, həmçinin kosmik fəaliyyət sahələrində qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır", - A.Smadiyarov qeyd edib.
Onun sözlərinə görə, gündəliyə nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, səhiyyə, kiçik və orta biznesə dəstək, regionlararası əlaqələrin və mədəni-humanitar əməkdaşlığın inkişafı ilə bağlı mövzular da daxil edilib.