q
  • Bakı 19° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Qırğızıstan Prezidenti: Dağ şəhərlərinin dayanıqlı inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir
SİYASƏT
18 May 2026 | 15:33

Qırğızıstan Prezidenti: Dağ şəhərlərinin dayanıqlı inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir

Şəhərlərin dayanıqlı inkişafı, iqlim dəyişikliyi və əlçatan mənzil məsələləri bu gün qlobal urbanizasiya gündəminin ən əsas çağırışları kimi qiymətləndirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Sadır Japarov Bakıda keçirilən WUF13 Dünya Şəhərsalma Forumu çərçivəsində çıxışı zamanı səsləndirib.

Qırğızıstan Prezidenti əvvəlcə Azərbaycan rəhbərliyinə təşəkkür edərək bildirib ki, “Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm”. Onun sözlərinə görə, forum urbanizasiya, dayanıqlı inkişaf və iqlim dəyişiklikləri kimi mühüm mövzuların müzakirəsi üçün dünyada analoqu olmayan platformadır.

Japarov çıxışında qeyd edib ki, Qırğızıstanın dağlıq ölkə olması bu regionların inkişaf məsələlərini xüsusi diqqətdə saxlamasını tələb edir. O vurğulayıb ki, “Dağ ekosistemləri milyonlarla insanın həyatına birbaşa təsir edir, lakin iqlim dəyişikliyi, buzlaqların əriməsi və artan ekoloji təzyiqlər dağ şəhərləri üçün ciddi risklər yaradır”.

Prezident çıxışında dağ şəhərlərinin inkişafı üçün üç əsas istiqaməti müəyyənləşdirib. Birinci istiqamət ekosistemlərin dayanıqlılığının gücləndirilməsidir. Bu barədə o deyib ki, “Su ehtiyatlarının azalmasına uyğunlaşma, tullantıların düzgün idarə olunması və ekoloji təhlükəsizlik prioritet olmalıdır”.

İkinci istiqamət innovativ həllərin tətbiqidir. O bildirib ki, “Dağ regionlarına uyğun ağıllı texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi və bərpa olunan enerji potensialının artırılması vacibdir”.

Üçüncü istiqamət isə insan kapitalı və mədəni irsin qorunması ilə bağlıdır. Japarov vurğulayıb ki, “Şəhərlər yalnız infrastrukturdan ibarət deyil, insanların həyat keyfiyyətidir. Buna görə də təhsil, sosial infrastruktur və turizm imkanlarının inkişafı əsas prioritetlərdəndir”.

Qırğızıstan lideri həmçinin iqlim şəhərləri üzrə beynəlxalq assosiasiyanın yaradılmasını təklif edib və qeyd edib ki, təşkilatın qərargahı Bişkek şəhərində yerləşə bilər. O, əlavə edib ki, əlçatan və təhlükəsiz mənzil təminatı ölkəsinin dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Prezidentin sözlərinə görə, yalnız 2025-ci ildə Qırğızıstanda 1,8 milyon kvadratmetrdən çox mənzil istifadəyə verilib və bu sektora təxminən 2 milyard dollar həcmində investisiya yatırılıb. O həmçinin bildirib ki, 2021-ci ildən bu yana 9 mindən çox ailə mənzillə təmin edilib, 2025-ci ildə isə əlavə 4 600-dən çox ailəyə yeni evlərin açarları təqdim olunub.

Japarov çıxışının sonunda dayanıqlı dağ şəhərlərinin inkişafının yalnız milli səylərlə mümkün olmadığını, bunun üçün qlobal həmrəylik və beynəlxalq tərəfdaşlığın vacib olduğunu vurğulayıb.


SON XƏBƏRLƏR