Şəki PFK bir neçə futbolçunun komandanın son oyununda iştirakdan imtina etdiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, klub bununla bağlı rəsmi bəyanat yayıb.
Bildirilib ki, ikinci liqanın son turunda keçirilməli olan oyun öncəsi komandanın bir neçə üzvü meydana çıxmaqdan imtina edib.
Klub rəhbərliyi qeyd edib ki, adıçəkilən futbolçular ikinci dövrə ərzində keçirdikləri bütün oyunların və may ayına qədər olan ayların əməkhaqlarını tam şəkildə alıblar:
"Hazırda isə may ayı çərçivəsində cəmi iki oyun keçirilib və hər hansı rəsmi maaş gecikməsi olmayıb. Buna baxmayaraq, futbolçular tərəfindən "son oyundur, ödəniş edilməyə bilər, əvvəlcədən ödəniş edilsin" kimi əsassız iddialar irəli sürülərək komandanın son oyununa çıxmaqdan imtina edilib".
Oyunda iştirak etməyən futbolçuların adları da açıqlanıb: Rəsul İbrahimov, Zaur Fərzəliyev, Çərkəz Hüseynov, Mehdi Həşumov, Nazim Bağırov.
Açıqlamada qeyd olunub ki, klub daxilində aparılan araşdırma zamanı komandanın kapitanı Rəsul İbrahimovun digər futbolçularla əlaqə saxlayaraq onların da oyunda iştirak etməməsi üçün çağırış etdiyi müəyyənləşib.
Bu səbəbdən Şəki PFK XXVII turda "Ağstafa Gəncləri"nə qarşı oyuna cəmi doqquz futbolçu ilə çıxıb.
Klub rəhbərliyi baş verənləri peşəkar futbol prinsiplərinə və daxili intizam qaydalarına zidd davranış kimi qiymətləndirib. Bildirilib ki, məsələ ilə bağlı hüquqi addımlar atılacaq və bu barədə futbolçular əvvəlcədən xəbərdar ediliblər.
Bakı 




