q
  • Bakı 18° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Ruto: Afrikada ən böyük mənzil proqramını həyata keçiririk

SİYASƏT

18 May 2026 | 15:09

Ruto: Afrikada ən böyük mənzil proqramını həyata keçiririk

Keniya hökumətinin həyata keçirdiyi sosial mənzil proqramı nəticəsində yüz minlərlə insan işlə təmin olunub və gecəqonduların yerində yeni yaşayış binaları tikilməyə başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Keniya Prezidenti Uillyam Samoei Ruto WUF13 forumunda çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, hazırda Keniyada Afrikanın ən böyük mənzil proqramı həyata keçirilir:

“Bu gün əminliklə deyə bilərəm ki, Keniyada Afrika qitəsinin ən böyük mənzil proqramı icra olunur”.

Ruto vurğulayıb ki, layihələr xarici borclanmadan deyil, daxili resurslar hesabına maliyyələşdirilir:

“Mənzil fondu vasitəsilə 5 milyard dollar daxili vəsait cəlb etmişik. Dünya Bankından və ya başqa heç bir beynəlxalq qurumdan bir şillinq belə borc almamışıq”.

Prezident bildirib ki, proqram məşğulluğa da ciddi təsir göstərib:

“Nəticədə 640 min gənc işlə təmin olunub. Memarlar, mühəndislər, elektriklər, dülgərlər və digər peşə sahibləri bu layihələrdə çalışırlar. Qısa müddətdə 1 milyon nəfərin işlə təmin olunmasını planlaşdırırıq”.

Çıxış zamanı Nayrobidə gecəqonduların mərhələli şəkildə aradan qaldırıldığı da açıqlanıb:

“Biz artıq gecəqonduları sökərək onların yerində normal yaşayış binaları tikməyə başlamışıq”.

Ruto qeyd edib ki, yeni layihələr torpaq parçalanmasının qarşısını almağa və kənd təsərrüfatı üçün daha çox sahənin qorunmasına imkan yaradır:

“Yaşayış məntəqələrini planlı şəhərlərdə birləşdirməklə kənd təsərrüfatı üçün daha çox torpaq əldə etmiş oluruq”.

Prezident sosial mənzillərin əlçatan olması məsələsinə də toxunub:

“Əvvəllər gecəqonduda yaşayan insanlar ayda 40 dollar ödəyirdilər. İndi isə həmin məbləğlə çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yaşaya bilirlər. Biz bunun üçün xüsusi mexanizm qurmuşuq”.

Ruto bildirib ki, 2050-ci ilə qədər dünya əhalisinin 25 faizinin Afrikada yaşayacağı gözlənilir:

“Əgər mənzil məsələsinin ən vacib olduğu region varsa, bu Afrikadır. Çünki gələcəkdə dünya əhalisinin böyük hissəsi burada yaşayacaq və onların 70 faizi şəhərlərdə məskunlaşacaq”.

Sonda Keniya Prezidenti Afrika ölkələrinin maliyyə resurslarına çıxışda çətinliklərlə üzləşdiyini vurğulayıb:

“Afrika böyük resurslara malikdir. Amma inkişaf etməkdə olan ölkələr maliyyələşmə üçün daha yüksək faizlər ödəməyə məcbur qalır. Bu isə inkişaf prosesini çətinləşdirir”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

17 May 2026