39 ildən sonra ilk dəfə görüşdük, o torpağın altında, mən üstündə...
Yalnız mən danışdım, o qulaq asdı! Çox çalışdım ki, keçən 39 ilimin hər ilindən heç olmasa bir cümlə deyim, amma çətin oldu, deyə bilmədim. Özümü toparlayıb, bütün ömürə bərabər bir-iki kəlmə danışdım...Eşitdimi? Onu da bilmirəm!
Gedərkən tək getmədim, bu torpağın üstündə onlardan bir nişanə qalan əmimi də apardım...
Ana, nənə, nəvə, oğul, qardaş, qardaş oğlu, əmi - hamı qarışmışdı bir-birinə...Əmim çatar-çatmaz heç məzar daşı da olmayan anasının üstünə, torpağına uzandı və...
Və əlimi də vurmadım, onu yerdən qaldırmadım, dedim qoy qucaqlaşsınlar...
Doyunca qucaqlaşdıqdan sonra gücümüz çatan kiçik təmizlik işlərinə başladıq. Bütün dirilərin ölülər üçün etdiyi bir-iki xırda işlərdən birini gördük.
Amma ən, ən əsas mən onu gördüm...
Qəribə bir hiss idi, görəsən gəldiyimi, gəldiyimizi bildilərmi və ya görəsən niyə bu qədər gec gəldiyimizi bildilərmi?
Fotoların birində əlimdə tutduğum atama aid dəmir lövhədən düzəldilmiş məhz o balaca şəkil sayəsində bu qəbirlərin yeri tapılıb. Əmimin nəticələrindən biri hərbiçidir. Bir neçə dəfə bu qəbiristanlığa gedib, gəzib, tapa bilməyib, axırda kolluqdan bu dəmir şəkili tapıb və yeri müəyyənləşdirib. Erməni şərəfsizləri başqa nişan qoymamışdı...
Sağollaşanda onların da Qurban bayramını təbrik etdim, dedim ki, sizinlə görüşmək üçün yüzlərlə, minlərlə qurban vermişik!
Allah şəhidlərimizə rəhmət etsin! Bizi bu torpaqlara qovuşduran, təkcə dirimizi yox, ölümüzün də üzünü ağ edən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!


















