«İsrailin İrana savaş açması ABŞ-də hazırlanmış plan üzrə baş tutdu. Bu, əslində Yaxın Şərqin yenidən dizayn olunması prosesinin birinci mərhələsi idi».
Bu barədə Bakıvaxtı.az-a analitik Elçin Xalidbəyli bildirib. O qeyd edib ki, birinci mərhələyə ABŞ-nin savaşa müdaxiləsi ilə yekun vuruldu :
«Bundan sonra Yaxın Şərqin dizaynı istiqamətində ikinci mərhələ başlayacaq. ABŞ prezidenti Donald Trampın verdiyi açıqlamalardan belə aydın olur ki, ikinci mərhələ daha çox sülh danışıqları masası arxasında baş verə bilər. Amerikanın konkret ssenarisi, planı mövcuddur. Ağ Ev istəyir ki, Yaxın Şərqin yenidən dizayn olunması birmənalı olaraq, həmin plana uyğun şəkildə həyata keçirilsin. Böyük ehtimalla məhz sülh danışıqları masası arxasında ABŞ-nin Yaxın Şərq üçün hansı planlar hazırlamaq, hansı hədəfləri reallaşdırmaq niyyətində olduğu aydınlaşacaq. Ümumiyyətlə, Amerikanın Yaxın Şərqdə geopolitik mənzərəni necə formalaşdırmasına dair cəhdləri üzə çıxacaq. Bu baxımından yaxın həftələrdə bu regionun gələcək taleyi aydınlaşmağa başlaya bilər».
Ekspertin qənaətincə, savaşın davam edib-etməyəcəyi də müəmmalı qalır:
«Rəsmi Tehran ABŞ-nin hərbi müdaxiləsinə cavab vermək niyyətinə düşürsə, Amerikanın bölgədəki hərbi bazalarını hədəf almaq qərarı verərsə, İran ətrafında hərbi situasiyanın daha da gərginləşmə ehtimalı var. Bu gərginləşmə isə yalnız İrana deyil, İranın qonşuluğunda olan dövlətlər üçün ciddi problemlər yarada bilər. Əgər ABŞ İranın cavab zərbələrinə qarşılıq olaraq, savaşın davamında maraqlı olarsa, bu, İranda daxili xaosa yol aça biləcək amansız zərbələr ehtimalını ön plana keçirəcək. Nəticədə İranda milli etnik zəmində qarşıdurmalar üçün münbit şərait yaranacaq. Ehtimal olunan xaos siyasi rejimin dəyişdirilməsinə qədər irəliləyə bilər. Bu da təhlükə və fəlakət vəd edən prosesdir. Bu mənada ABŞ, İran və İsrailin savaşı dayandırması vacibdir. Əks halda Yaxın Şərq regionu böyük bir hümanitar böhran məkanına çevrilə bilər. Bu hümanitar böhran da qonşu ölkələrə, o cümlədən Azərbaycana neqativ təsirlər göstərə bilər. Bütün bunları nəzərə alanda həm İranın, həm də region dövlətlərinin maraqları savaşın ən qısa zamanda dayandırılmasını tələb edir».
Aydın Baxış