ABŞ-ın Missisipi körfəzi sahillərində torpaq və suda ilk dəfə ölümcül bakteriya aşkar edilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzlərindən (CDC) bildirilib. Mərkəz 'Burkholderia pseudomallei' bakteriyasının Melioidoz xəstəliyinə səbəb olduğunu açıqlayaraq, xəstəliyin ciddi nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.
Yoluxucu bakteriya olan "Burkholderia pseudomallei" gəmiricilərdən başqa iribuynuzlu mal-qara, qoyun və keçi kimi heyvanlarda da görülə bilər. Nadir hallarda insandan insana keçsə də, nəticə ölümcül ola bilər.
CDC xəstəliyin qızdırma, oynaq ağrısı və baş ağrısı kimi bir sıra simptomlara səbəb olduğunu və bəzi hallarda pnevmoniya, infeksiya kimi daha ciddi vəziyyətlərə səbəb ola biləcəyini qeyd edib. Bakteriyanın ətraf mühitdə nə qədər qaldığı və ya başqa ştatlarda olub-olmadığı hələ məlum deyil. Bununla belə, qeyd olunur ki, körfəz sahillərində yerləşən dövlətlərin şəraiti bakteriyalar üçün əlverişlidir.
CDC ümumi əhali üçün yoluxma riskinin indi çox aşağı olaraq qaldığını bildirib. Bununla belə, yenə də simptomlara diqqət yetirməyə çağıraraq ümumi xəbərdarlıq edib.
"Tufan və ya güclü yağışdan sonra torpaq və palçıqlı su ilə təmasdan çəkinin, açıq havada işləyərkən suya davamlı çəkmələr geyinin, torpaqla işləyərkən əlcək geyinin", - deyə Məkrəzin xəbərdarlığında qeyd olunur.
Məlumata görə, xəstəlik şəkərli diabet, böyrək xəstəliyi və ağciyər xəstəlikləri kimi xroniki xəstəlikləri olanlara daha çox təsir edir.
Aytac Aslan
Bakı 




