ABŞ ordusu Oman körfəzində neft tankerinə zərbə endirib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, tanker heyəti Amerika qüvvələrinin göstərişlərinə əməl etmədiyi üçün təyyarədən tankerin mühərrik hissəsinə dəqiq zərbələr endirilib.
Hindistan hökuməti hadisə nəticəsində 3 hindistanlı dənizçinin itkin düşdüyünü, 21 nəfərlik digər heyətin isə xilas edildiyini açıqlayıb. Rəsmi Dehli bölgədə mülki gəmilərə və mülki infrastruktura qarşı hücumların dayandırılmasına çağırıb.
ABŞ İranın Hörmüz boğazını faktiki olaraq bağlamasından sonra İran limanlarına dəniz çıxışını məhdudlaşdırıb. Hörmüz boğazı dünya neft və qaz tədarükünün təxminən 20 faizinin keçdiyi strateji marşrut hesab olunur.
CENTCOM-un məlumatına görə, aprelin 13-dən bəri ABŞ qüvvələri 8 gəmini fəaliyyət qabiliyyətindən məhrum edib, 134 gəmini isə istiqamətini dəyişməyə məcbur edib.
Hadisədən sonra Hindistan hökuməti ABŞ-nin Dehlidəki diplomatik missiyasının rəhbər müavinini Xarici İşlər Nazirliyinə çağıraraq izahat tələb edib.
Bu həftənin əvvəlində də ABŞ qüvvələri Oman körfəzində hindistanlı ekipajın çalışdığı başqa bir neft tankerini vurub. Həmin gəmidə olan 24 nəfərin hamısı Oman hərbçiləri tərəfindən xilas edilib.
Lumu Zülfüqarova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



