• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Abşeron İH "Turan AH" MTK-nı polisə verdi - AÇIQLAMA

CƏMİYYƏT

15 Iyul 2021 | 13:17

Abşeron İH "Turan AH" MTK-nı polisə verdi - AÇIQLAMA

 Abşeron rayon parkından 50 metr kənarda yerləşən Zərifə Əliyeva küçəsindəki binaların həyətində natəmizliyə göz yumulur. Belə ki, Abşeron İH-nin məişət tullantılarının daşınmasına məsul qurumun işçiləri yalnız zibil qutularını boşaldırlar. Yerdə olan tullantılara isə toxunmurlar. Abşeron İH günahın MTK-da olduğunu qeyd edib. Yaranmış vəziyyətə bu gün iqtisadçı-ekspert Samir Əliyev də iradını bildirib. Sosial şəbəkələrdə fotoloru yayılan və sərt tənqidlə qarşılanan ərazi "Turan AH" MTK-ya məxsusdur.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Abşeron İcra Hakimiyyətinin nümayəndəsi Rafiq Yusifov problemi hüquq mühafizə orqanlarına bildirdiklərini qeyd edib:

“Bizdə özəl MTK-larla bağlı problemlər çoxdur, tək həmin bina deyil. Onlarda komendant sistemidir, kommunal xərclərin içində əhalidən tullantı pulu da yığılır. Həmin binalarda min mənzil varsa, hər evdən 4-5 manatdan pul yığılır. Tullantıları yığan şirkətlə müqavilə bağlayanda aldadıb deyiblər ki, əhalimiz az olduğuna görə gündəlik 2-3 qutu dolur. Normativlə hesablayıb gündə bir dəfə olmaq şərti ilə 3 qutunu boşaltmağa  400 manat ödəyirlər.  Xidmət göstərən şirkət də deyir ki, mən 400 manata 3 qutu boşaltmaq üçün müqavilə bağlamışam, amma burda 8-10 qutu tullantı çıxır, ya pulunu, ya da qutuların sayını artır hamısını yığım. MTK-nın da bunu etmək fikri yoxdur. Guya camaatdan pul yığa bilmir. İndi biz tək o MTK olmadığına görə hamısı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişik. Hüquq mühafizə orqanları bunlara bir tədbir görsə, bəlkə ağılları başlarına gələr.”

O, MTK-nın işə məsuliyyətsiz yanaşdığını da vurğulayıb:

“Necə bir tədbir görüləcəyini hüquq mühafizə orqanları bilər. Bu adamın camaatdan normativlə yığdığı pulun nə qədərini cibinə qoyduğunu biləcəklər. Tullantı yığan şirkət deyir ki, tullantıların hamısını yığmağa gücüm yoxdur, biz ondan orda olan 3-4 qutunun pulunu alırıq. Şirkəti qınamaq olmur, çünki bunun üçün nə qədər maşın, yanacaq və fəhlə çalışır. Tullantı yığan şirkətə normal pul verilsəydi, biz gedib ondan tələb edərdik ki,  millətin pulunu almısan gəl tullantıları yığ apar. MTK bəzən söz yiyəsi olmayan, küçədən keçən birini gətirib ora komendant qoyur. Ona görə də, tədbir görmələri üçün hüquq mühafizə orqanlarına zəng etmişik”.

Aytac Aslan


Abşeron İH "Turan AH" MTK-nı polisə verdi - AÇIQLAMA
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR