"Hazırda yüksək sürətlə dünyanı bürüyən qloballaşmanın ən böyük fəsadlarından biri milli-mənəvi dəyərlər sisteminə edilən dağıdıcı təsirdir".
Bu sözləri ailə dəyərlərinin qorunmasını şərtləndirən amillərə toxunan Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Lamiyə Qurbanova Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ailə həyatındakı neqativliklərin insan sağlamlığına, nüfuzuna, statusuna, işgüzar uğurlarına təsirinin qaçılmaz olması bir faktdır:
"İşgüzar həyatda layiqli yer tutmaq, karyera sahibi olmaq üçün illərlə hazırlaşma təbii və vacib hesab edilir. Məsələn, ali məktəblərə qəbul olmaqla əlaqəli hazırlaşma, peşə təcrübələri keçmə, sənət öyrənmə və s. Lakin ailə həyatına hazırlıq isə əksər hallarda diqqətdən kənarda qalır. Ailə həyatındakı neqativliklərin insana təsirlərini nəzərə alaraq, insan həyatı üçün bu qədər əhəmiyyət kəsb edən ailə həyatına hazırlıq məsələləri adi hala çevrilməli və təbii qəbul edilməlidir. Ailə həyatına psixoloji hazırlıq prosesi bir neçə istiqamətləri özündə birləşdirir. Bu istiqamətlərə cinsi tərbiyənin (cinsi tərbiyə - cinslərarası səmimiyyətə, məsuliyyətli ailəliyə və valideynliyə istiqamətlənmiş kişi və qadın şəxsiyyətinin formalaşdırılması prosesidir) sosial-siyasi və milli dəyərlərə uyğunluğu, fiziki və sosial yetkinliyin nikaha daxil olmaq üçün yetərli olması, ailə mədəniyyəti haqqında məlumatlılıq, ailə problemlərini həll edəcək intellektual səviyyənin olması və ailə qurmaq üçün motivasiyanın formalaşması daxildir".
Psixoloq vurğulayıb ki, ailə makrososial sistemin, ictimai dəyərlərin formalaşmasında mühüm rol oynayıb və oynamaqdadır. Ailə yetişməkdə olan yeni nəsil üçün münbit şərait rolunu oynayırsa, yetkin insanlar üçün yaşamaq-yaratmaq üçün stimul, həyati tələbatların ödənilməsini təmin edən maddi və mənəvi məkan rolunu oynayır:
"Mənəviyyatın formalaşmasında genetik əsaslar, sosial-mənəvi mühit nə qədər əhəmiyyətli rol oynasa da, ailə mühitinin başlıca rol oynaması danılmaz faktdır. Ailə mühitinin stabilliyi ailə dəyərlərinə riayət olunması səviyyəsi ilə düz mütənasiblik təşkil edir. Ailə dəyərləri - sağlam ailə mühitinin yaradılması və onun qorunub saxlanması üçün lazımlı, əhəmiyyətli hesab edilən məfhumlar toplusudur. Hər millətin özünəməxsus ailə dəyərləri mövcuddur".
Lamiyə Qurbanova: Ailə dəyərləri milli-mənəvi dəyərlərdən qaynaqlanır və nəsildən-nəsilə ötürülür
Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan ailəsinin əsas dəyərlərinə evin kişisinə ailənin başçısı kimi hörmət etmək, ata və ana nəsihətinə qeyd-şərtsiz əməl etmək, atalıq və analıq nüfuzunu qorumaq, qardaş sözündən çıxmamaq, ana-bacı şərəfini qorumaq, nənə-baba (ağsaqqal-ağbirçək) hörmətini saxlamaq və onlara qayğı göstərmək, ailə üzvlərinin bir-birinə dəstək olması, ailənin nüfuzuna görə ailə üzvlərindən hər kəsin məsuliyyət daşıması, ailənin sirrini yaymamaq, ailə quracaq qıza cehiz vermək, ailə quracaq oğlanın ev almasına (və ya tikməsinə) kömək etmək, gənc ailəyə problemlərin həllində yardım etmək, oğul evləndirib, qız köçürməyi valideynlik borcu hesab etmək, yaşlı, əmək qabiliyyəti olmayan ata-anaya baxmanı övladlıq borcu hesab etmək, çətin günlərdə qohum-əqrəbaya əl tutmaq və milli bayramlarda qohum-əqrəbanı ziyarət etmək daxildir.
L.Qurbanova qeyd edib ki, milləti dünyada millət kimi tanıtdıran onun milli-mənəvi dəyərləridir. Ailə dəyərləri də milli-mənəvi dəyərlərin tərkib hissəsidir:
"Ailə dəyərləri milli-mənəvi dəyərlərdən qaynaqlanır və nəsildən-nəsilə ötürülür. Milli adət-ənənələrin, dəyərlərin qorunub saxlanması və fərdlərə ötürülməsi yalnız sağlam ailə vasitəsilə həyata keçirilə bilər. Bütün millətlərin ailə dəyərlərini bir-birilə birləşdirən əsas məqam isə cəmiyyət üçün yararlı, faydalı, ali amallar və idealların reallaşması naminə fəaliyyət göstərən insanlar yetişdirməkdir. Çünki dünya yalnız belələrinin fəaliyyəti sayəsində xilas olacaq".
Gülşən Şərif