Ailədaxili münaqişələr hər zaman olub, lakin son zamanlar qətllə nəticələnən hadisələrin sayı xeyli artıb. Təkcə son 10 gün ərzində, ailədaxili münaqişələr zəminində, təxminən 6-7 qətl hadisəsi baş verib. İnsanlar niyə bu qədər qəddarlaşıb? Bu qətllərin səbəbi nədir?

Elnur Rüstəmov: İnsanlarda aqressiya, gərginlik, müxtəlif psixoloji problemlər artıb
Psixoloq Elnur Rüstəmov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ailədaxili konfiliktlər zəminində qətl hadisələrinin artdığının şahidi oluruq. Bu, istər ər-arvad, istər övlad-valideyn, istərsə də digər qohumluq münasibətlərində özünü göstərir. Bu cür qətl hadisələri birdən birə baş vermir: “Bu problem zamanla davam edir və həllini tapmır. Nəticədə, belə bətbəxt hadisələr baş verir”.
Psixoloq qeyd edib ki, bu gün insanlarda aqressiya, gərginlik, müxtəlif psixoloji problemlər artıb. Bu problemlər daha çox ailə mühitində ortaya çıxır. Bu insanlar bəzən cəmiyyətdə bunu maskalaya bilirlər, ancaq ailədaxili münasibətlərdə özünü daha qabarıq göstərir.
Müsahibimizin sözlərinə görə, hər hansı psixoloji, psixiatrik narahatçılıq olarsa, mütləq şəkildə tədbir görmək lazımır: “Əgər bu konfilikt psixoloji problemlərdən yox, məişət zəminində baş verirsə, yenə də tədbir görülməlidir. Çünki biz çox vaxt görürük ki, bu konfiliktlər məişət səviyyəsində qısqanclığa, ailə üzvlərində olan zərərli vərdişə, asılılığa əsaslanır. Çox yaxşı olardı ki, ailələr belə problemlər olduqda hara müraciət edəcəklərini bilsinlər. Bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır. Düşünürəm, problem vaxtında həll olduqda bu cür qətllərin sayı azalacaq”.

Seyyid-Zeynəb Əliyeva: Qətllərin səbəbini ilk növbədə insanların aqressiyasınında görürəm
Psixoloq Seyyid-Zeynəb Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qətllə nəticələnən ailədaxili münaqişələrin sayının artması cəmiyyətimizdə insanların psixoloji vəziyyətlərinin heçdə yaxşı olmadığını göstərir. O qeyd edib ki, ailə münaqişəsi hər zaman olub, lakin bu zəmində qətllərin baş verməsi artıq hər gün baş verir: “Yaşanan xoşagəlməz qətllərin səbəbini ilk növbədə insanların aqressiyasınında görürəm. Münaqişə zəminində insanların bir-birini anlamaması və ya yaranan aqressiya sonda cinayətlə nəticələnir”.
Onun sözlərinə görə, belə cinayətlərin səbəblərindən biri də milli dəyərlərin illər əvvəllə müqaisədə xeyli aşağı olmasıdır: “Ailələrdə hörmət, etibar hissi getdikcə yox olur, xəyanətlərin sayı artır. Buna səbəb isə kütləvi informasiya vasitələridir. İstər televiziya verilişləri, istərsə də sosial şəbəkələrdə açıq-aydın nümayiş etdirilən xəbərlər insanların psixologiyasına mənfi təsir göstərir. Zənnimcə, televiziya verilişləri və sosial şəbəkələrdə milli mənəvi dəyərlərə xidmət edən maarifləndirici xəbərlər daha çox olmalıdır”.
Psixoloq bildirib ki, cinayət, xəyanət və s. bu qəbildən olan hadisələrlə bağlı xəbərlərə nəzarət olunmalıdır.
“Psixologiyisı zəif olan insanlar birbaşa paylaşılan cinayət xəbərlərindən daha tez təsirlənir, emosional davranışlar göstərir, aqressiyalarını idarə edə bilmirlər. Bu da böyük faciələrə gətirib çıxarır”, - deyə Seyyid-Zeynəb Əliyeva vurğulayıb.

Tural Həsənli: Məişətdaxili zorakılığın səbəbləri ailə təməlinin düzgün qurulmamasından qaynaqlanır
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Tural Həsənli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, məişət zəminində baş verən cinayətlərin əsas səbəbi ailə münaqişələridir: “Ailə münaqişlərinin çoxu qısqanclıqla bağlı olur. Bir çox hallarda ailə üzvünün narkotik maddə, alkoqol istifadəçisi olması nəticəsində ailə münaqişələri baş verir. Bu zaman qadınların həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması, qəsdən sağlamlığa yüngül zərər vurulma (döyülmə) halları və s. cinayətlərin törədilməsi istisna deyil. Məişətdaxili zorakılığın səbəbləri ailə münasibətlərinin, ailənin təməlinin düzgün qurulmamasından qaynaqlanır. Yetkinlik yaşına çatmayan qızların ərə verilməsi, yəni erkən nikah hallarının əksəriyyətinin sonu bu cür münaqişə və cinayətlərə gətirib çıxarır. Həm fiziki, həm də psixoloji baxımdan yetkin olmayan qız uşağı ailənin yükünü daşıya, ondan tələb olunanların öhdəsindən gələ bilmir. Dözümsüzlük nümayiş etdirir və çıxış yolunu konfiliktə dayanıq kənarlaşmada görür”.
Müsahibimiz əlavə edib ki, həmçinin ailədaxili münaqişələrin yaranmasında başlıca səbəblərdən bir də psixoloji faktorlardır ki, nikaha daxil olmağa hazırlaşan cütlüklər hələ də bir-birinin xarakterinə, psixoloji vəziyyətinə tam bələd olmur, nikah dövründə isə psixoloji baxımdan bir-birinə uyuşa bilmirlər: “Nəzərə alsaq ki, ailədə çətin vəziyyətdə olan sosial durum, maddi vəziyyətin aşağı səviyyədə olması, eləcə də, kifayət qədər olmaması, bir çox hallarda ailədə bağları qırır. Bu da kritik vəziyyətdə olan ailədə yaranmış konfliktin daha da dərinləşməsinə gətirib çıxara bilir və mübahisənin pik həddə çatmasına səbəb olur. Ailədə qısqanclıq zəminində cinayətlərin baş verməsi danılmaz faktordur və bu cinayəti törədənlər sonra peşman olurlar. O baxımdan ki, cinayəti törədən şəxslər aqressiv davranışın nəticəsində, bir çox hallarda, hər şeylərini itirdiklərini anlayırlar. Nəzərə alsaq ki, ailə cəmiyyətin özəyidir, o nəticəyə gəlmək olar ki, cəmiyyəti qorumaq və sağlam cəmiyyəti yaratmağa ailədən başlanılmalıdır”.
Vəkilin sözlərinə görə, digər faktorlardan biri də sosial şəbəkələrdir: “Evimizə dayanmadan müxtəlif sosial platformalardan geniş informasiya nüfuz edir. Bəzən həmin platformadan bizə məlumat şəklində daxil olan davranış tərzi, sonradan bəzi şəxslərin həmin davranışı özündə əks etdirməsi, başqa cür desək, təlqin etməsi ilə nəticələnir. Həmçinin, bəzən kişi və ya qadının sosial şəbəkələrdən ailə vəziyyətinə uyğun istifadə qaydasını bilməməsi qısqanclıq zəminində münaqişənin yaranması ilə nəticələnir. Hətta bu halda xanımlara qarşı törədilən cinayətlər də kifayət qədərdir. Müasir günümüzdə ailədaxili münasibətləri tənzimləmək üçün fərqli konsepsiya olmalıdır. Həmin konsepsiyada adət-ənənələrimiz də, yeni dövrün çağırışı da öz əksini tapmalıdır”.
Müsahibimizə görə, nLakin nəzərə almaq lazımdır ki, ifrat dərəcədə mental dəyərlərə varmaq və stereotiplər ailə münasibətlərinin pozulmasına gətirib çıxara bilir. Bu baxımdan zərərli ənənələr və şablonlara sıx bağlılıq, ifratçılıq təbii ki, mənfi nəticələr yaradır və bu fakt danılmazdır. Tək sağlam olan adət-ənənə deyil, gender bərabərliyi, məsələyə hüquqi yanaşma da mənfi nəticələrin aradan qaldırılmasında öz nəticələrini verə bilir.
Həmsöhbərimiz deyib ki, ailədə yaranan münaqişələrin sonda qətllə nəticələnməsi bəzi insanların vaxtında tədbir görməməsindən irəli gəlir: “Məsələn, ana öz övladı barədə polisə məlumat vermir və ya qadın həyat yoldaşından şikayət etməyə özünə sığışdırmır. Arada olan münaqişə qalmaqda davam edir, getdikcə dərinləşir. Hətta bəzən şəxs bu barədə məlumatı verməyi özü üçün pis davranış zənn edir, ictimai qınağa tuş gəlməkdən qorxur, “camaat mənə nə deyər?” devizini özlüyündə rəhbər tutur və bu limitdən özünü kənarlaşdıra bilmir”.
T.Həsənli vurğulayıb ki, ailədaxili münaqişələrin, cinayətlərin qarşısının alınması üçün nəzarət orqanlarının fəaliyyəti mükəmməl olmalı, həmin orqanlar həssas davranış göstərməli, dərhal və adekvat tədbir görməklə gələcəkdə baş verə biləcək cinayətlərin qarşısını almalıdırlar: “Lakin nəzərə alsaq ki, həmin orqanların bütün nikahda olan şəxslərə nəzarət etməsi real və ağlabatan deyil, belə olduğu təqdirdə hər kəs mövcud münaqişə əsnasında gələcəkdə törədilə biləcək cinayətin qarşısının alınması üçün vətəndaş borcunu da yerinə yetirməlidir. Başqa cür desək, hər kəs ilk növbədə özündən başlamalıdır. “Kənardan edəcəklər” və ya “başqasından gözləyək” düşüncəsi yox, “özüm nə etdim?” prinsipi daha ürəkaçan və perspektivlidir. Yəni bu gün kimsə ətrafında digər şəxsə qarşı edilən işgəncə, qəddar münasibət, ailədaxili törədilən cinayət və münaqişəyə göz yumursa, vecsiz yanaşırsa, bu hal özlüyündə həmin arzuolunmaz rəftara və pis nəticəyə qarşı mübarizə istiqamətində bağların qırılması anlamına gəlir. Yəni həmrəylik olmalı, aidiyyatı qurumları vaxtında məlumatlandırmaq, həmin qurumlara dəstək olmaq lazımdır”.
Aytac Aslan




jpg-1695291751.webp)
jpg-1695291603.webp)










