"Torpaqlarımızın işğaldan azad olunmasına, Qarabağdakı nailiyyətlərə və apardığı uğurlu daxili-xarici siyasətə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tam haqqı çatır ki, növbədənkənar seçkilərdə təkrar namizədliyini versin".
Bu barədə Azad Vətən Partiyasının sədri Akif Nağı Bakıvaxtı.az-a açıqlamasında deyib.
Partiya sədri bildirib ki, növbədənkənar prezident seçkisində layiqli namizədlər iştirak etməlidir:
"Heç kim nəyinsə xatirinə, özünü göstərmək üçün namizədliyini verməməlidir. Hamı öz real gücünü hesablamalıdır, gülüş hədəfinə çevrilməməlidirlər. Həm Qarabağla, həm də dövlətimizlə bağlı qarşıda çətin, mürəkkəb proseslər, həll olunmamış problemləri var. Xarici təzyiqlərə məruz qalmaqdayıq. Belə bir şəraitdə dövləti və milləti ancaq İlham Əliyev irəli apara bilər. Yerdə qalanların iştirakını qeyri-ciddi sayıram. 3-5 adamla Şəhidlər Xiyabına ziyarətə getməkdə belə çətinlik çəkənlər guya 40 min imza toplayıb namizədliklərini verəcəklər. Özlərini pis vəziyyətə qoyacaqlar".
Həmsöhbətimiz vurğulayıb ki, AzVP-nin partiya kimi yaşı gənc olsa da, Qarabağ Azadlıq Təşkilatı kimi çoxillik təcrübələri var:
"Şəxsən, özüm də prezident seçkisində iştirak etmək istərdim, amma reallığı nəzərdən keçirəndə görürük ki, İlham Əliyevə alternativ qüvvə yoxdur. Mən də alternativ ola bilmərəm. Ancaq arzularımızı bildirə bilərik. Təbii ki, partiya olaraq seçkinin obyektiv, düzgün, ədalətli keçirilməsi prosesində iştirak etmək istəyirik. Partiyaların seçkidə iştirakı mütləq namizəd irəli sürməklə olmur. Partiyalar seçki prosesində müşahidəçilik, yaxud maarifləndirici işlərdə də iştirak edə bilər. Yekun qərarımızı şənbə günü genişləndirilmiş iclasda verəcəyik".
Aydın Baxış



png-1705744867.webp)











