"2023-cü ildə Azərbaycanda doğuşa görə ana ölümü 2 dəfə artıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev özünün "Facebook" hesabında yazıb.
Ekspert qeyd edib ki, ötən il hər 1000 nəfər diri doğulan uşağa düşən ana ölümü 2022-ci ildəki 14,7-dən 29.3-ə yüksəlib ki, bu da son 16 ilin, kənd yerlərində isə son 27 ilin ən yüksək göstəricisidir.
Maraqlıdır, ana ölümlərinin birdən-birə belə çox artmasının arxasında hansı faktorlar dayanır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri, həkim mama-ginekoloq Xəyalə Təhməzi bildirib ki, qız və oğlan uşaqlarının reproduktiv dövr üçün düzgün inkişafına körpə vaxtında diqqət olunmalıdır ki, bu diqqət də valideynlərin üzərinə düşür:
“Yenidoğulmuş dövrdən etibarən uşaqların bağça, məktəb periodlarında sağlamlıqlarına lazımi diqqət göstərilməlidir. Gənc yaşlarında da qadın və kişinin sağlamlığının qorumasının gələcəkdə sağlam nəslin yaranmasında böyük rolu var”.
X.Təhməzinin sözlərinə görə, ana ölümlərinin artmasında ilk öncə fiziki və somatik sağlamlıq böyük rol oynayır və bunun üçün uşaq yaşlarından gənc dövrlərinə qədər istər fərdlər, istərsə də həmin gənclərin valideynləri tərəfindən diqqət mütləqdir.
Xəyalə Təhməzi: Vaxtlı-vaxtında ana namizədləri müayinələrdən keçmirlər
Müsahibimiz qeyd edib ki, qadın əgər həm fiziki, həm də mənəvi olaraq hamiləliyə hazır hesab olunursa bu, ailə qurmağa hazır olduğunu göstərən bir məqamdır. Ginekoloq bildirib ki, ailə qurduğu zaman hamilə qaldığı vaxtdan etibarən hamiləliyin inkişafı xüsusi qadın məsləhətxanalarında, ailə sağlamlıq mərkəzlərində və ya ailə həkimləri tərəfindən nəzarətdə saxlanılmalıdır.
O, qadınların hamiləliklərinin gedişinə, doğum zamanı və doğuşdan sonrakı dövr üçün problemlərin qarşısının alınması yönündə müxtəlif islahatların görüldüyünü və bu yöndə işlərin davam etməkdə olduğunu söyləyib. Əlavə edib ki, səhiyyə sistemi tərəfindən hamilə qadınlara nəzarət, müxtəlif hamiləlik patologiyalarında hamilələrə nəzarət üçün xüsusi protokolların mövcudluğu, onların problemlərinin ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif səviyyəli xəstəxanalara və mütəxəssislərə yönləndirilməsi istiqamətində işlərin təşkili yönündə hazır modellər mövcuddur:
“Buna baxmayaraq, bəzi hamilələr və onların ailə üzvləri tərəfindən müəyyən səhlənkarlıqlara yol verilir və vaxtlı-vaxtında ana namizədləri müayinələrdən keçmirlər. Onlarda mövcud olan və ya gizli problemlər vaxtında aşkarlanmadığına, problemlərinə uyğun profildə xəstəxanalara vaxtında müraciət etmədiklərinə görə vaxt itkisi olduğundan fəsadlar, xüsusilə də ana ölümü halları ilə rastlaşmaq mümkün olur. Bundan əlavə bəzi qadınlar ailə quran zaman qınaq obyekti olmamaq üçün bəzi sağlamlıq problemlərini ailə üzvlərindən, hətta bəzi hallarda şikayətləri, həyati riskli problemləri olsa belə həkimlərdən gizlətməyə çalışırlar. Bu da öz növbəsində müəyyən problemlərin vaxtında aşkar olunub onlara düzgün xidmət göstərilməsinə mane olur və ölüm halları ilə nəticələnməyə təsir göstərə bilir”.
Mina Mikayılova