“Elektron kənd təsərrüfatı” informasiya sisteminin “aqrar ticarət (tapaqro)” altsistemi yaradılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
“Aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə istehsalçıların istehsal etdikləri kənd təsərrüfatı məhsullarına və aqrar sahədə fəaliyyət göstərən emal müəssisələrinin xammal tələbatına dair məlumatların əks etdirilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, dirəklər, damazlıq heyvanlar, mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid) və aqrotexniki xidmətlərin satın alınması, həmçinin həmin xidmətlər üzrə verilən subsidiya və güzəştlərdən istifadəyə nəzarət edilməsi təmin olunacaq.
Qeyd edək ki, Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını təmin etməlidir.
Maliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmış vəsaitin 10 000 000 (on milyon) manatlıq hissəsinin nəzərdə tutulan kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlər görməli, kreditlərin faizlərinin maliyyələşdirilməsi məqsədilə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.
Bakı 




