Yas mərasimlərində təqdim olunan qida məhsullarının təhlükəsizliyi və bu mərasimlərin təşkili zamanı sanitar-gigiyenik qaydalara əməl olunması Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) daim diqqət mərkəzindədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu AQTA-nın şöbə müdiri Validə Sadıxova bildirib.
O qeyd edib ki, yas mərasimlərinin keçirildiyi məkanlarda, o cümlədən bu məqsədlə qurulan xüsusi çadırlarda qidaların hazırlanması, saxlanılması və daşınması zamanı temperatur rejiminə ciddi riayət olunmalıdır. Mərasimlərdə istifadə olunan ət və süd məhsulları, müxtəlif salatlar və tez xarab olan digər qida məhsulları yalnız etibarlı, mənşəyi bilinən və qida təhlükəsizliyi qeydiyyatından keçmiş mənbələrdən əldə edilməlidir.
Validə Sadıxovanın sözlərinə görə, mənşəyi naməlum olan və laborator müayinələrdən keçməmiş heyvan mənşəli məhsulların yas məclislərində istifadəsi yolverilməzdir.
AQTA rəsmisi qeyd edib ki, məclislərdə xidmət göstərən heyətin şəxsi gigiyena qaydalarına əməl etməsi, qabların və mətbəx avadanlıqlarının düzgün təmizlənməsi də yoluxucu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Agentlik tərəfindən mərasim evlərinin sahiblərinə və çadır xidməti göstərən sahibkarlara fəaliyyətlərini qanunvericiliyin və sanitariya normalarının tələblərinə uyğun təşkil etmələri ilə bağlı xəbərdarlıq olunub.
O, vətəndaşlara belə mərasimlərin təşkili zamanı qida təhlükəsizliyi qaydalarına həssas yanaşmağı və hər hansı şübhəli halla qarşılaşdıqları təqdirdə dərhal Agentliyin qaynar xəttinə məlumat verməyi tövsiyə edib.
Validə Sadıxova əlavə edib ki, son dövrlərdə regionlarda yas mərasimlərində baş verən qida zəhərlənmələrinin əsas səbəblərindən biri ev şəraitində hazırlanan lavaşların istifadəsi ilə bağlı olub. Bu səbəbdən qida məhsullarının hazırlanması və təqdimatı zamanı təhlükəsizlik tələblərinə ciddi əməl olunması xüsusilə vacibdir.
Bakı 



