• Bakı 31° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında -Türk-Azərbaycandilli yazılarda

CƏMİYYƏT

05 Avqust 2025 | 10:14

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında -Türk-Azərbaycandilli yazılarda

Beşinci  yazı                                    

Kənd həyatından bəhs edən yazılar -1929-1940-cı illərin  əhatəsi

1942-1945-ci illərin  nəşrlərinin səhifələrində

1941-45-ci illərin yazıları başlıca olaraq Böyük Vətən Müharibəsi dövründə  kəndin  arxa, əmək cəbhəsində iştirakının əsaslarına həsr olunmuşdur.

Bu baxımdan   da  “Sovet  Ermənistanı” qəzetinin 11 yanvar 1942-ci il tarixli, N9(3246) sayında, Məmməd Əliyevin imzası ilə,  “Kənd təsərrüfat kadrlarının hazırlanmasına xüsusi diqqət” başlıqlı məqalədə yazılırdı: “Şücaətli Qızıl Ordumuz sıralarına gedənləri istehsalatda əvəz etmək və bu ilki yaz əkin kampaniyasını müvəffəqiyyətlə başa çatdırmaq üçün, Kirovakan rayon partiya və sovet təşkilatları kənd təsərrüfat kadrlarının hazırlanması işinə  xüsusi diqqət verirdi. 1941-ci ilin dekabr ayının 25-dən başlayaraq rayonda traktorçular, kombaynçılar və sair kənd təsərrüfat kadrları hazırlamaq məqsədi ilə qısa müddətli kurslar açılımışdır ki, burada da 100 nəfər istehsalatdan ayrılmadan təhsil almaqdadır. Kurslara cəlb olunmuş şagirdlərin əksəriyyəti evdar  və kolxozçu qadınlardır. Kursu əla surətdə qurtarmaq üçün bütün kursantlar bir-biriləri ilə sosializm yarışı müqavilənamələri bağlamışlar”.

Qeyd: mətbuat səhifələrində kolxozçu dedikdə, kişi kolxozçular nəzərdə tutulurdu. Qadınlara isə kolxozçu qadınlar deyilirdi. 

Qəzetin  13 fevral 1942-ci tarixli, N37 (3274) sayında, Məmməd Əliyevin imzası ilə,  “Heç bir şeyi əsirgəmirlər” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayon zəhmətkeşləri indiyə kimi müdafiə fonduna 533627 manad nağd pul, 7525 manat qiymətində qızıl, 145.120 manat zayom obliqasiyası, yeni motorlar istehsalı fonduna isə 86960 manat nağd pul hədiyyə etmişlər. Bundan başqa rayonun kolxozçuları və kolxozçu qadınları müdafiə fonduna 25.910 əməkgün dəyəri, 358 sentner taxıl, 530 sentner kartof, 246 baş iri buynuzlu heyvan vermişlər. Ölkəmizin müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinə yönəldilmiş pul –şey lotereyasının yazılışı işi dəxi rayonda müvəffəqiyyətlə genişləndirilərək zəhmətkeşlər yanvarın 24-nə kimi 332.860 manat yazılmışlar. Rayonun kolxozçuları, qulluqçuları, fəhlələri şanlı döyüşçülərimizə əlavə isti  paltar toplamaq haqqındakı böyük xalq təşəbbüsündə və həvəslə  iştirak edirlər. Yanvarın 24-nə kimi şücaətli döyüşçülərimizə isti paltar tədarük etmək üçün 68.784 manat nağd pul, 1484 cüt yun corab, 1200 cüt yun əlcək, 70 isti şalvar, 100 teloqreyka, 126 cüt keçə çəkmə, 184 fufayka və  sairə hədiyyə etmişlər. Bu işdə xüsusi olaraq rayonun Myasnikin adına zavodu, dəmiryol stansiyası, Həmzəçimən, Qışlaq, Arcut və bir sıra başqa kənd zəhmətkeşləri daha aktiv iştirak edirlər. Rayon zəhmətkeşləri cəbhəyə yardımı artırmaq üçün heç bir səy əsirgəmirlər”.

Qəzetin  4 fevral 1943-cü tarixli, N16 (3569) sayında “Kolxoz kəndinin hədiyyəsi”başlıqlı  məqalədə bu kimi faktlar yazılırdı: “Xalqların müdrik rəhbəri Stalin yoldaşın tarixi göstərişləri ilə ruhlanan Ermənistan zəhmətkeşləri Qızıl Orduya yardımı gündən-günə genişləndirirlər. Kirovakan rayonunun Dzoraqyur kənd kolxozçuları Qızıl Ordunun ərzaq fonduna  3700 kiloqram   kartof, 100 kiloqram taxıl, 12 baş iri və xırda buynuzlu heyvan, Kolagirən kənd kolxozçuları 1064 kiloqram kartof, 675 kiloqram taxıl, Fialetov kənd kolxozçuları 3000 kiloqram kartof, 700 kiloqram taxıl və sair şeylər vermişlər. Rayonun Hacıqara, Qışlaq, Arcud, Hallavar, Varatanadzor və bir sıra kənd kolxozçuları dəxi Qrdunun ərzaq fonduna xeyli miqdarda kartof, taxıl, ət, yağ, pendir və sair şeylər vermişlər”.  Qəzetin 6 iyun 1943-cü il tarixli, N69 (3622) sayında, “Kirovakanda” sərlövhəli yazıda da  qeyd olunurdu: “Kirovakan rayonunun idarə müəssisələrində, kolxoz və sovxozlarında İkinci Dövlət Hərbi Zayomuna yazılış müvəffəqiyyətlə keçir. İki gün ərizndə rayon zəhmətkeşləri yeni zayoma 3 milyon 500 min manat yazılaraq, bundan 700 min manatını nağd vermişlər. Rayonun Arcut kənd kolxozçuları 70 min manat, kolxoz idarə heyətinin sədri Oruc İsayev yoldaş 25 min manat yazılmışlar. Arcud kənd sovet sədri Bayram Bünyatov yoldaş 9.000 manat, komsomilçu Hüseynov 1.000 manat yazılmışlar. Myasnikyan adına olan zavodun fəhlələri və fəhlə qadınları iki gün ərzində zayoma 30 min 220 manat yazılmışlar”.  Müharibə illərində Arçut kolxozunun nailiyyətləri də mətbuatın diqqət mərkəzində idi. Belə ki, “Sovet Ermənistanı” qəzetinin 7 avqust 1945-ci il tarixli  N96 (3966) sayında, “Kirovakan rayonu məhsul toplanışındakı geriliyə son qoymalıdır” başlıqlı məqalədə  yazılırdı ki, Kirovakan rayonunun kolxozlarında ot çalını işləri çox geridə qalır. Bu sahədə yalnız Arçut kolxozu irəlidə gedir. Bu kolxoz 600 hektar ot çalını planını 61 faiz artıqlaması ilə yerinə yetirmişdir. Lakin rayonun Şahalı, Kolagirən, Dzoraqyuğ, Sarımsaqlı, və Pambaq kənd kolxozları ot çalını planını yalnız 35-45 faiz yerinə yetirmişlər. Həmzəçimən, Fialetovo, Lermontovo, Heydərli, Hallavar kənd kolxozları ot çalını planını yalnız 15-20 faiz ödəməklə daha biabır halda geridə qalırlar...

Qəzetin  14 avqust 1945-ci il tarixli sayında “Partiya həyatı” qrafasında “Məhsul yığımı dövründə kütləvi-izahat işlərini daha da canlandırmalı” (Müəllif: N. Hüseynov) başlıqlı məqalədə qeyd olunurdu: “...Rayonun Arçud kənd kolxozunda kütləvi izahat işləri daha yaxşı və bacarıqlı surətdə təşkil olunduğundan ciddi müvəffəqiyyətlər əldə edilmişdir. Məhz buna görədir ki, işgüzar kolxozçu və kolxozçu qadınlar (kolxoz sədri Oruc İsayev yoldaşdır) məhsul toplanışını mütəşəkkil surətdə başladıqlarından indiyə qədər 600 hektar sahənin taxılı biçilib döyülmüşdür. Kolxoz birinci xırmandan götürdüyü məhsuldan dövlət təəhhüdünü ödəmişdir. Kolxozda ot çalını və  dənli bitkilərin məhsul yığımı sürətlə irəli aparılmaqdadır...”   

Qeyd: Saral kəndində 10 illik məktəb olub. 1945-ci ilin məlumatına əsasən,  (“Sovet Ermənistanı” qəzetində Qurban Osmanovun imzası ilə “Saral kənd məktəbi dərs ilinə hazırdır”,  başlıqlı məqalədə) Spitak rayonunun Saral kənd 10 illik məktəbi 1945-46-cı dərs ilini tam hazırlıqla qarşılayır. Məktəbin təmiri iyun ayının 30-da qurtarmışdır. Məktəb yaşlı uşaqlar siyahıya alınmış, siniflər komplektləşdirilmiş və kolxozun idarə heyəti vasitəsilə yanacaq əldə edilmişdir. 1945-46-cı dərs ilində yüksək dərs keyfiyyəti əldə etmək üçün müəllimlər kollektivi bir çox tədbirlər ələ alırlar”.

Onu da nəzərə almaq lazımdır ki,  Saral kəndində 1942-ci ildə hələ tam olmayan orta məktəb var idi. Qursalı (Hamamlı)  və Arçut  kəndlərində də məktəblər (7 illik məktəblər)  natamam orta təhsil verirdilər. “Sovet Ermənistanı” qəzetinin 12 aprel 1942-ci il, N87 (3324) sayında, A. Namazov, O. Yusifovun imzası ilə “Üçüncü rübə əla yekun vurmuşlar”,  başlıqlı məqalədə yazılırdı: “Spitak rayonunun Qursalı kənd Cəfər Cabbarlı adına tam olmayan orta məktəbinin müəllimləri sosializm yarışına qoşularaq1941-42-ci tədris ilinin III rübünə müvəffəqiyyətlə yekun vurmuşlar. III rübdə şagirdlər arasında şüurlu nizam intizam xeyli yüksəlmiş, əlaçı şagirdlərin sayı artmış, pis qiyməti olanların sayı isə azalmışdır. 1941-42-ci dərs ilinin əvvəllindən məktəbdə 247 şagird təhsil almaqdadır. Bunların 18 faizi birinci yarım ildə bütün predmetlərdən əla qiymət almış, III rübdə isə əlaçıların faizi 30-a çatmışdır. Şagirdlərdən Məcid Abdullayev, Musa Musayev, Sultan Nəsirov, Əli Həbilov, Əli Haqverdiyev, Lətif Daşdəmirov, Oruc Həbilov, Gülgəz Hüseynova  və sairələri III rübdə bütün predmetlərdən əla qiymət almışlar. Məktəbin direktoru Məhərrəm Nəsibov yoldaşın nümunəvi işi nəticəsində III rübdə dərs proqramları tamamilə yerinə yetirilmişdir. Burada şagirdlər, siniflər və müəllimlər arasında sosializm yarışı müqaviləsi vardır. Məktəb direksiyasının keçici bayrağını indi VII  sinif almışdır. Məktəb bu il Saral kənd tam olmayan orta məktəbi ilə sosializm yarışına qoşulmuşdur. “Pis” qiyməti olan tələbələr əlaçı tələbələrə təhkim edilmiş və onlar üçün dərsdən kənar məşğələlər təşkil edilmişdir. Məktəbin kimya və fizika kabinetlərindən səmərəli surətdə istifadə edilir. Burada ədəbiyyat, matematika, rus dili, tarix və qeoqrafiya dərnəkləri təşkil edilmişdir. Məktəbdə rus dilinin öyrənilməsinə ciddi fikir verilir ki, bu işdə məktəbin rus dili müəllimi  Bayram Nəsibov yoldaş var qüvvəsi ilə işləyir. C.Cabbarlı adına məktəbin müəllimi və şagirdləri yüksək dərs keyfiyyəti uğrunda mübarizəni daha da gücləndirərək 1941-42-ci dərs ilinin IV rübünü də müvəffəqiyyyətlə başa çatdıracaqlar”.  Bu yazı o  bölgədə olan təhsilin zamankı fonunu aşkarlamağa kömək edir. Nəticə əldə olunur ki, orta məktəblərə ədiblərin, mütəfəkkirlərin adları verilib. Həm də məlum olur ki, məktəblərdə hələ natamam orta təhsil hökm sürür.  Eyni zamanda texniki və təbiət fənləri tədris olunur.       

Qəzetin  1945-ci ilin oktyabr ayının 5-də nəşr olunan sayında  “Kirovakanda arıçılıq” başlıqlı məqaləsində yazılırdı: “Xalq təsərrüfatında arıçılığın rolu böyükdür. Kirovakan rayonunun arıçılıqla məşğul olan kolxozları bunu yaxşı başa düşdkülərindən bu sahəyə ayrıca diqqət yetirirlər... Qışlaq və Arçut kənd kolxozlarında da arıçılıq xeyli inkişaf etdirilmiş və indi onun məhsulu artırılmışdır. İndi həmin kolxozlarda qışa hazırlıq işlərinə başlanılmışdır. Arılar üçün olan binalar təmir edilib  qaydaya salınmış, yeni yəşiklər və ramkalar əldə edilmişdir...”

1947- 1947-ci illərin  nəşrlərinin səhifələrində

 “Sovet Ermənistanı” qəzetinin 5 dekabr 1946-cı il tarixli, N 142 (4171)) sayında “Ermənistan SSR Ali Sovetinə seçkilər üçün seçgi dairələri haqqında Ermənistan Ali Sovet Rəyasət Heyətinin Fərmanı dərc olunub. Həmin fərmanda Kirovakan  rayonu üzrə dairələr də verilmişdir. Dairələr içərisində 185 nömrəsində Makaraşen  seçki dairəsi (mərkəzi Makaraşen kəndi) –Makaraşen, Darbas, Haydarlı, Hallavar, Kilisə və Arcud kənd sovetlərinin adları da var.

Qəzet  10 yanvar 1947-ci il tarixli, N6 (4189) sayında “Zəhmətkeşlərin seçkiqabağı yığıncaqlarında Ermənsitan SSR Ali Sovetinə deputatlığa namizədlərin göstərilməsi” başlıqlı yazıda qeyd edirdi: “...Makaraşen kənd kolxozçularının seçkiqabağı yığıncağı kolxoz idarə heyətinin sədri  Oruc Cəbrayıl oğlu İsayevi Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd kimi göstərmişdir...”

Qəzet  1947-ci il tarixli, N20 (4203) sayında, “Arcud kəndində şadlıq”,  başlıqlı məqalədə yazırdı: “Kirovakan rayonunun Arcud kəndi  bütün bayram günlərində olduğu kimi, bu gün dəxi hədsiz sevinc və şadlıq içindədir. Böyükdən tutmuş kiçiyədək hamı bayram paltarı geyinmiş, 185 nömrəli Makaraşen seçki dairəsindən Ermənistan SSR Ali Soveti deputatlığına namizəd  göstərilmiş Oruc Cəbrayıl oğlu İsayev yoldaşla görüşmək üçün əl-əlvan bəzəkli kolxoz klubuna toplanmışdır. Görüş iclasında vəkil R.Həsənov İsayev yoldaşın tərcümeyi halından danışaraq demişdir: -Yoldaşlar! Deputatlığa namizədimiz Oruc İsayevi hamınız öz qardaş və oğlunuz kimi tanıyırsınız. Onun yaxşı işi sayəsində “26-lar”kolxozu rayonun qabaqcıl kolxozları sırasına çatmış və kolxozçularımız çörəkli olmuşdur. Onun fədakar xidmətləri nəzərə alınaraq, 185 nömrəli Makaraşen seçki dairəsində səsə qoyulmaq üçün Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstərilmişdir. Mən,  bütün seçiciləri fevralın 9-da əziz dost və həmyerlimiz Oruc Cəbrayıl oğlu İsayev yoldaşa yekdilliklə səs verməyə çağırıram. Ondan sonra seçicilərdən Hüseyin Bayramov, İ.İsmayılov və bir çox başqaları İsayev yoldaşın iş təcrübəsindən, əməkdə göstərdiyi parlaq nümunələrdən danışmışlar. İclasın sonunda Oruc İsayev yoldaş söz alaraq belə demişdir: -Seçici yoldaşlar! Etibar edib Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstərdiyiniz üçün sizə təşəkkür edir, etimadınızı şərəflə doğruldacağıma söz verirəm.”

Qəzetin 14 fevral 1947-ci tarixli, N24 (4207) sayında,  “Ermənistan SSR-nın ikinci çağırış Ali Sovetinə seçilmiş deputatlar haqqında. Ermənistan SSRİ Ali Sovetinə seçkilər üçün Mərkəzi seçki komisyonunun məlumatı” başlıqlı yazıda qeyd olunurdu: “....Kirovakan rayonunun Makaraşen dairəsindən Oruc Cəbrayıl oğlu İsayev deputat seçilmişdir”.   Qəzet  26 yanvar 1947-ci ildə, N15 (4195) sayında “Oruc Cəbrayıl oğlu İsayev haqqında yazırdı: “Oruc Cəbrayıl oğlu İsayev  yoldaş 1911-ci ildə Kirovakan rayonunun Arcut kəndində muzdur kəndli ailəsində anadan olmuşdur. Orucun atası Cəbrayıl kişi uzun müddət kənd qolçomaqları yanında muzdur olaraq çalışmaqla, ailəsini çox çətinliklə dolandırmışdır. 1920-ci ildə atasının vəfatından sonra balaca Oruc kənd təsərrüfatı işində anasına kömək edir və digər tərəfdən bir dülgərin yanında şagird olaraq çalışıb ailəsini məşəqqətlə saxlayır. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra minlərlə yoxsul kəndlilər kimi, Oruc İsayev yoldaşın da  ailəsinin həyatı gündən-günə çiçəklənməyə başladı. Oruc İsayev yoldaş kolxoz işlərində çalışmaqla bərabər, O, axşam kurslarında natamam orta təhsil almışdır. Oruc İsayev yoldaş 1935-ci ildən kolxozun üzvüdür. O, özünün işgüzar və bacarıqlı işi sayəsində bir il sonra sıravi kolxozçuluqdan briqadir vəzifəsinə irəli çəkilir. Oruc İsayev yoldaşın briqadası məhsuldarlığın yüksəldilməsi tapşırıqların vaxtından əvvəl müvəffəqiyyətlə yerinə yetirilməsi sahəsində kolxozun qabaqcıl briqadası sayılır. Oruc İsayev dəfələrlə kolxoz heyəti tərəfindən qiymətli şeylərlə mükafatlandırılmışdır. Arcut kənd kolxozçuları briqadir Oruc İsayev yoldaşın fədakar əməyini qiymətləndirərək, 1936-cı ilin dekabr ayında onu kolxoz idarə heyətinin sədri seçmişdir. 1936-cı ildə 60 təsərrüfatdan ibarət olan bu kolxozun 70 baş qaramalı, 40 baş davarı olduğu halda, Oruc İsayev yoldaşın ciddi cəhdi sayəsində kolxoz 195 təsərrüfata çatır. İndi kolxozun 200 baş iri buynuzlu, 500 baş xırda buynuzlu  mal-qarası, iki avtomobili, xeyli sayda atı, donuzu, arısı və toyuğu vardır. Kolxoz son illərdə əkin sahələrini xeyli genişləndirmiş və 36 hektar sahədə yeni  üzüm bağı salmışdır. Oruc İsayev yoldaş 10 ildir ki, bu kolxozun sədridir. Onun yaxşı rəhbərliyi, kolxozçuların və kolxozçu qadınların namuslu işi sayəsində məhsuldarlıq ildən-ilə artdığına görə arcutlular hər il bol məhsul bölürlər. Arcut kəndindən olan “26-lar” kolxozu kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində əldə etdiyi parlaq nailiyyətlərə görə 1940-cı ildə Moskvada Ümumittifaq kənd təsərrüfat sərgisində iştirak etmiş və kolxozun sədri Oruc İsayev yoldaşa medal və fəxri fərman verilmişdir. Vətən Müharibəsi illərində Oruc İsayev yoldaş düşmən üzərində qələbəni təmin etmək üçün cəbhəyə yardım etmək  və dövlət təəhhüdlərini vaxtından əvvəl və artıqlamasilə ödəmək sahəsində az iş görməmişdir. Sovet hökuməti Oruc İsayev yoldaşın işini yüksək qiymətləndirərək onu “Qafqazın müdafiəsi üçün”, “1941-1945-ci illərdə böyük vətən müharibəsi zamanı igidliklə çalışdığına görə”, medalları ilə etmişdir. Oruc İsayev yoldaş 1939-cu ildən UİK(b)P-ıın üzvüdür. Korovakan rayonunun Arcut, Darbaz, Makaraşen, Hallavar,  Heydarlı, A.Kilsə, Y. Kilsə və Mollaqışlaq kənd zəhmətkeşləri özlərinin seçkiqabağı yığıncaqlarında Oruc Cəbrayıl oğlu İsayev yoldaşı 185 nömrəli Makaraşen seçki dairəsində səsə qoyulmaq üçün Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstərmişlər. Onlar fevralın 9-da kommunistlərlə bitərəflər ittifaqı namizədi O. İsayev yoldaşa yekdilliklə səs verəcəklər”.    

Qəzetin  21 fevral 1947-ci il tarixli, N27(4210) sayında, Əli Mirzəyevin imzası ilə dərc olunan “”26-lar” kolxoz yaz əkini ərəfəsində” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonu Arcut kəndindəki “26-lar” kolxozunun (sədri İsayevdir) işgüzar üzvləri yeni Stalin beşilliyinin ikinci ilində daha bol  məhsul götürməyə cəhd edirlər. Onlar sosializm yarışı şərtlərini həyata keçirməyə cəhd edərək yaz əkininə hərtərəfli hazırlaşırlar. 210 sentner arpa, 60 sentner pərinc toxumu təmizlənib, cücərmə qabiliyyəti yoxlanılmışdır. Cari ildə əkiləcək üç hektar kələm, yarım hektar soğan, yarım hektar gülbəsər, 12 hektar çuğundur sahələri üçün tələb olunan toxum əldə edilmişdir. Kolxozda kənd təsərrüfatı alətlərinin  təmir edilməsi işi yaxşı təşkil olunmuşdur. Burada tarlalara indiyə kimi 2200 araba yerli gübrə daşınmışdır. Gübrənin daşınması işində Alı Gunüyev, Bayram Musayev gündəlik tapşırıqları 120-150 faiz yerə yetirirlər. Kolxozda iş heyvanları kök və gümrah saxlanılır. İş heyvanlarının bəslənilməsində Musa Qasımov və Nizami Ələsgərov   yoldaşların işləri tərifə layiqdir”. Qəzetin 4 aprel 1947-ci il tarixli,  N45 (4228) sayında, Əli Mirzəyevin imzası ilə “Komsomola qəbulu unutmuşlar”,  başlıqlı məqalədə yazılırdı: “Kirovakn rayonunda ÜİLKGİ sıralarına qəbula, komsomol həyatının bu mühüm sahəsinə yaxşı rəhbərlik edilmir. 1947-ci il ərzində bütün rayonda komsomola ancaq 141 nəfər qəbul edilmişdir. 6 nömrəli sovxozun və kimya zavodu ilk komsomol təşkilatlarından başqa, Arcut, Heydarlı, Gözəldərə, Hallavar, Y.Kilsə, A.Kilsə və bir sıra kəndlərin ilk komsomol təşkilatlarında ÜİLKGİ sıralarına qəbul işi unudulmuşdur. Bu vəziyyəti hər şeydən əvvəl həmin təşkilat katiblərinin fərsiz rəhbərliyi ilə izah etmək lazımdır. Bundan başqa, bir çox komsomol təşkilatlarında komsomol üzvlük haqları dəxi vaxtında toplanmır. Kənd komsomol təşkilatlarında kök salmış bu biabırçılıqlara qarşı rayon komsomol komitəsi açıqdan- açığa göz yumur, ÜİLKGİ sıralarına qəbula yaxşı rəhbərlik etmir”.

1948-49-cu  illərin nəşrlərinin səhifələrində                

 “Sovet Ermənistanı” qəzetinin 4 yanvar 1948-ci il tarixli, N3 (4365) sayında, Əli Mirzəyevin imzası ilə “Kirovakan məktəblərində ikinci rübün yekunları” başlıqlı məqalədə yazılırdı: “Kirovakan  rayonunun Arcud kənd yeddiillik məktəbi (direktoru Rəcəb Həsənov yoldaşdır) 1947-1948-ci dərs ilinə nümunəvi başladı. Məktəbin binası, stol, stul, yazı taxtaları və sairə təmir edilmiş və yanacaq tədarük olunmuşdur. Məktəbdə 173 nəfər şagird təhsil alır. İkinci rübdə birinci rübə nisbətən məktəbdə xeyli dönüş yaradılmışdır. “5” və “4” qiymət alan şagirdlərin sayı 50 faiz artmış, səbəbsiz buraxılan dərs saatları 425 –dən 180 saata endirilmişdir. Müdiriyyət gənc müəllimlərə həmişə metodik göstərişlər verir. Müəllimlərdən IV-VI sinif rəhbəri Əli Alıyev, VII sinif rəhbəri Leyla İsmayılova və III sinif rəhbəri Bəxtiyar Yolçuyev yoldaşlar şagirdlər arasında təlim-tərbiyə işlərini nümunəvi təşkil etmişlər. İkinci rübdə 50 nəfər “5”, 80 nəfər “4”, 43 nəfər “3”  qiymət almışdır. V sinif şagirdi Abbas Məşədiyev, VII sinif şagirdi  Osman Məmmədov, VII sinif şagirdi Yusif İsgəndərov və bir çoxları bütün fənlərdən “5” qiymət almışlar...”

Qəzet 31 iyul 1948-ci il tarixli, N151 (4513) sayında, Ə.Əliyevin imzası ilə, “Məhsulun tez və itkisiz yığılıb başa çatdırılmasında gənclərin vəzifələri” başlıqlı məqaladə qeyd edirdi: “...Kənd təsərrüfatının bu həlledici dövründə  respublika gənclərinin görəcəyi işlər çoxdur. Məhsul toplanışının qızğın dövründə kolxozçu gənclər arasında sosializm yarışını genişləndirməklə bu ilin bol məhsulunu  tez və itkisiz toplayıb başa çatdırmaq lazımdır. Bu mühüm vəzifənin layiqincə yerinə yetirilməsində məktəbli  və pionerlərin də səfərbərliyə alınmasını unutmaq olmaz. Kənd komsomolçuları partiya təşkilatlarının birinci köməkçisi sayılır. Onlar məhsul yığımı dövründə əsl gənclərə xas olan vətənpərvərlik qayğıkeşliyi göstərməlidirlər. Respublikanın bir sıra rayonlarının kolxoz ilk komsomol təşkilatları özlərinin nümnunəvi işlərilə  diqqəti cəlb edirlər. Bir çox komsomol təşkilatları partiya və hökumətin  göstərişlərini dərindən dərk edərək SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 24 aprel tarixli fərmanından özləri üçün lazımi nətəicələr çıxarmış, gənc qüvvələrin səfərbərliyə alınmasını yaxşı təşkil etmişlər... Lakin bu müvəffəqiyyətləri bütün rayonlardakı kolxoz ilk komsomol təşkilatlarında görmək olmaz. Krovakan rayonunun Hallavar, Haydarlı, Gözəldərə və Arcud kəndlərindəki komsomol təşkilatları bütün komsomolçuları istehsalata cəlb etməmişlər. Bu təşkilatlarda olan 83 nəfər komsomolçudan 22 nəfərinin əmək günü yoxdur. İstehsalatda çalışan komsomolçuların bir dəfə də olsun həmin təşkilatlarda məruzələri eşidilməmişdir. Qəzetlərdə dərc olunan yenilikləri kolxozçu gənclərə çatdırmaq üçün komsomolçulardan təşviqatçılar ayrılımamışdır...”  

Qəzetin 2 oktyabr 1948-ci il tarixli, N196 (4558) sayında, Ə. Mirzəyevin imzası ilə,   “Kirovakan rayon partiya komitəsinin növbəti plenumu” başlıqlı  məqalədə yazılırdı: “Bu günlərdə Kirovakan rayon partiya komitəsinin növbəti plenumu olmuşdur. Plenumda     rayon partiyakomitəsinin katibiPapiyev yoldaş istehsalat müəssisələrinin 8 aylıq tapşırıqlarının yerinə yetirilməsi haqqında məruzə etmişdir.   Məruzəçi demişdir: -Şəhərin istehsalat müəssisələri 8 aylıq dövlət planlarını 96 faiz ödəmişdir. İttifaq əhəmiyyətli müəssisələr 8 aylıq planı 103,5 faiz, ittifaq-respublika əhəmiyyətli müəssisələr isə 56 faiz yerinə yetirmişlər...İstər məruzəçi və istərsə də çıxış edənlər istehsal olunan məhsulların keyfiyyətsiz olduğunu göstərərək istehsalat müəssisələri rəhbər işçilərini ciddi surətdə tənqid etmişlər...Bu kolxozların idarə heyətləri və partiya, sovet təşkilatları bu vacib işin əhəmiyyətini hələ dərk etməmişlər. Məsələn, Gözəldərə kənd kolxozunda 86 hektar payız şumundan ancaq 13 hektarı edilmiş, bir hektar da olsun toxum səpilməmişdir. Arcud kəndində 174 payız əkinindən 42 hektar sahənin şumu, Vartana kənd kolxozunda 20 hektar sahədən 5 hektarın şumu edilmiş, hələ toxum səpilməmişdir. Hallavar kəndindəki Bağırov kolxozunda 70 hektar payız əkinindən indiyədək ancaq 22 hektar sahənin şumu edilmiş və 5 hektara toxum səpilmişdir...”

Qəzetin 2 noyabr 1948-ci il tarixli, N196 (4558) sayında, Ə. Mirzəyevin imzası ilə “Partiya həyatı. Kirovakan rayon partiya komitəsinin növbəti plenumu” başlıqlı məqalədə isə  yazılırdı: “Bu günlərdə Kirovakan partiya komitəsinin növbəti plenumu olmuşdur. Plenumda rayon partiya komitəsinin Papiyev yoldaş istehsalat müəssiələrininin 8 aylıq tapşırıqlarının yerinə yetirilməsi haqqında məruzə etmişdir. Məruzəçi demişdir: - Şəhərin istehsalat müəssisələri 8 aylıq dövlət planlarını 96 faiz ödəmişdir. İttifaq əhəmiyyətli müəssisələr 8 aylıq planı 103,5 faiz, ittifaq-respublika əhəmiyyətli müəssisələr 100,5 faiz, yerli sənaye müəssisələri isə 56 faiz yerinə yetirmişlər...Payız əkini ilə bağlı məruzədə isə qeyd olunmuşdur ki, rayon kolxozlarında 2.500 hektar payız əkinindən indiyədək 1.250 hektar sahənin şumu edilmiş, 600 hektar sahəyə isə toxum səpilmişdir. Rayonun Gözəldərə, Arcud, Haydarlı, Hallavar, Vartana, Meğrut, Dzoragyuğ, Həmzəçimən kənd kolxozlarında payız əkini biabırcasına ləngidilir. Adları qeyd olunan kolxozlarda dondurma şumuna hələ başlanılmamışdır. Bu kolxozların idarə heyətləri və partiya, sovet təşkilatları bu vacib işin əhəmiyyətini hələ dərk etməmişlər. Məsələn, Gözəldərə kənd kolxozunda 86 hektar payız şumundan ancaq 13 hektarı edilmiş, bir hektar da olsun toxum səpilməmişdir. Arcud kəndində 174 hektar payız əkinindən 42 hektar sahənin şumu, Vartana kənd kolxozunda 20 hektar sahədən 5 hektarın şumu edilmiş, hələ toxum səpilməmişdir...”   

Qəzetin 5 noyabr 1948-ci il tarixli, N220 (4582) sayında, Ə. Mirzəyevin imzası ilə “Rayon partiya konfranslarında Kirovakanda”,  başlıqlı məqalədə  bu kimi fikirlər yer alırdı: “Yaxın günlərdə Ermənistan K(b)P Kirovakan rayon partiya komitəsinin katibi H.Harutyunyan yoldaş hesabat dövründə aparılan iş haqqında geniş məruzə etmiş, müvəffəqiyyət və nöqsanları ətraflı surətdə göstərmişdir. Məruzəçi və çıxış edən 18 nəfər konfrans nümayəndəsi cari ilin payız əkini dondurma şumundakı çatışmayan cəhətləri göstərərək bir sıra kolxozlarda aqrotexniki qanunların pozulmasını qeyd etdi. Rayonun 24 kolxozunda nəzərdə tutulmuş 2.000 hektar dondurma şumundan yalnız 370 hektarı şum edilmişdir. Bu sahəyə rayon Soveti icraiyyə komitəsi, kənd təsərrüfatı şöbəsi və MTS (Qeyd: MTS-Maşın Tarktor Stansiyaları deməkdir) tərəfindən lazımi göstərilməmişdir. Kəndin abadlaşdırılması və elektrikləşdirilməsində də nöqsanlar az deyildir. Gözəldərə, Arcud, Hallavar, Haydarlı, Kilsələr və sair kəndlərdəki klublar formal xarakter daşıyır. Klublarda kolxozçulara mədəni xidmət tamamilə unudulmuşdur.Rayon maarif şöbəsinin zəif işi nəticəsində məktəblər yeni dərs ilinə hazırlıqsız başlamış və müəllimlər bilik səviyyələrinə görə yerləşdirilməmişlər...”  

Qəzetin  13 avqust 1949-cu il tarixli, N158 (4778) sayında,  Ə. Mustafayevin imzası ilə, “Qabaqcıl briqada kimi işləməli” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonu Arcud kənd 26 komissarlar adına kolxozun üzvləri qabaqcıllıq uğrunda yarışırlar. Bu il kolxozçular bərəkətli torpaqlarda bol və yüksək keyfiyyətli taxıl və başqa kənd təsərrüfat məhsulları becərmişlər. Kolxozçuların fədakar əməyi və əlbir işləməsi nəticəsində 175 hektar payızlıq və 91 hektar yazlıq dənli bitki sahəsinin bol məhsulu indi artıq biçilir. Briqada və kolxozçular arasında iş bölgüsü düzgün qurulduğundan biçilən küləş dərhal xırmana daşınır və döyülür. 22 hektar arpa və 6 hektar pərinc sahəsinin hər bir hektarından 11 sentner əvəzinə orta hesabla 14 sentner məhsul götürülmüşdür. İki nömrəli briqadanın briqadıri Ə.Məşədiyev və onun manqa başçılarından A.Alıyev, İ.Alıyev yoldaşların fədakarcasına çalışmaları kolxozçuları ruhlandırır. Həmin briqadanın dəryazçılarından H.Çəltikov, E.Yusibov, A.Abdullayev və başqaları gündə 4 min kvadrat metr sahənin taxılını biçirlər. Küləş toplayan qadınlardan P.Elləzova, Q.Qocayeva, H.Məşədiyeva, S.İsmayılova və başqaları gündə 1.5-2 norma yerinə yetirirlər. Kolxozun bir nömrəli briqadasının (briqadir M.Alıyev yoldaşdır) üzvləri ot çalını və yem basdırma işində xüsusilə gözə çarpırlar. Kolxozda 500 hektar sahənin otu çalınaraq fermaların yanına toplanmaqdadır. 4 silos quyusuna 120 ton yem basdırılmışdır. Arcud kənd kolxozçuları dövlət tədarükünün vaxtından əvvəl ödənilməsi  uğrunda mübarizə edirlər. Kolxoz, dövlətə ilk məhsuldan 82 sentner taxıl, 13 min 860 litr süd, 729 kiloqram  yun vermiş və palnı 100 faiz ödəmişdir.  Lakin bu müvəffəqiyyətlərlə birlikdə nöqsanlar da vardır. Üç nömrəli briqada (briqadiri Ə.Mehdiyevdir) yarıtmaz çalışır. Onun gündəlik iş planı yoxdur. 82 nəfər işçi əlindən yalnız 40 nəfəri işə çıxır. Həmin briqadada biçilən taxıl dərhal xırmana daşınmır. Briqada üzvlərindən X.Məmmədov, Ş.Əhmədov və P.Hüseynovun hər birinin ilin əvvəlindən indiyə kimi ancaq 12 əmək günü vardır. Üç nömrəli briqadanın üzvləri iki nömrəli qabaqcıl briqada üzvləri kimi işləməlidirlər”.

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü

 03 avqust  2025

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR

04 Avqust 2025