Avropa İttifaqı Gürcüstanda keçirilmiş yerli özünüidarəetmə seçkiləri ilə bağlı yayılan dezinformasiyanı və Aİ səfirinə qarşı yönəlmiş şəxsi hücumları qətiyyətlə pisləyib.
Bakıvaxtı.az "İnterpressge"yə istinadən xəbər verir ki, bu, Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın və genişlənmə məsələləri üzrə komissar Marta Kosin birgə bəyanatında qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Gürcüstanda yerli seçkilər fikir müxtəlifliyinin genişmiqyaslı boğulması şəraitində keçirilib.
Aİ rəsmiləri seçkilərdən sonrakı dövrdə ölkədə sakitliyin və təmkinin qorunmasına çağırıb, bütün siyasi qüvvələr və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə inklüziv və konstruktiv dialoqun vacibliyini qeyd ediblər.
Aİ nümayəndələrinin sözlərinə görə, müxalifətin böyük hissəsi seçkiləri boykot edib və seçici fəallığı nisbətən aşağı olub:
"Gürcüstan hökumətinin beynəlxalq müşahidəçiləri, xüsusilə ATƏT/ODİHR missiyasını vaxtında dəvət etməməsi seçki prosesinin şəffaflığına zərbə vurub və beynəlxalq monitorinqin etibarlılığına maneə yaradıb".
Gülşən Şərif