“Dövlətçilik anlayışı fərdi siyasi simpatiya və ya antipatiyalardan daha yüksək bir kateqoriyadır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlubildirib.
Onun sözlərinə görə, türk siyasi düşüncə tarixində dövlət anlayışı sırf inzibati mexanizm deyil, müqəddəs və mərkəzi bir dəyər kimi qəbul olunub. Milli istiqlalın, bayrağın , əzanın, qoruyucusu və əmanətçisi.
T.Nüsrətoğlu bilduirib ki, Amerikada keçirilən məlum aksiyada “demokratiya”, “azadlıq” kimi şüarların səsləndirilməsi özü-özlüyündə legitim siyasi mövqenin ifadəsi ola bilər:
“Lakin bu şüarların dövlətin ali təmsilçisinə qarşı təhqir və milli ləyaqətə zərər vuran formada həyata keçirilməsi demokratik dəyərlər və milli qürurla uzlaşmır. Demokratiya fikir müxtəlifliyini qəbul edir, amma dövlətin simvoluna qarşı nifrət dili ilə çıxışı yox. Çünki bu, artıq tənqid çərçivəsindən çıxaraq dövlətin beynəlxalq nüfuzuna xələl gətirən davranışa çevrilir”.
Onun sözlərinə görə, xüsusilə 44 günlük Vətən Müharibəsi sonrası dövr Azərbaycan dövlətçiliyi üçün yeni bir siyasi mərhələ açdı. Dediyinə görə, həmin dövrdə ortaya qoyulan milli iradə, siyasi qətiyyət və diplomatik manevr qabiliyyəti Azərbaycanın beynəlxalq sistemdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi:
“Prezidentin rəhbərliyi ilə əldə olunan nəticə təkcə hərbi qələbə deyil, həm də Azərbaycanın regional güc balansında söz sahibi kimi qəbul edilməsidir. Bu proses ölkənin suverenliyinin bərpası ilə yanaşı, milli özünəinamın və dövlətçilik şüurunun möhkəmlənməsi ilə müşayiət olundu.
Bu kontekstdə xaricdə Azərbaycan Prezidentinə qarşı edilən hücumların “azərbaycanlı kimliyi” adı altında təqdim olunması paradoksal və acınacaqlıdır. Xaricdə Azərbaycan dövlətinin rəsmi təmsilçisinə qarşı aparılan kampaniyalar, əgər təhqir üzərində qurulursa, bu artıq fərdi siyasi mövqe deyil, dövlətin imicinə yönəlmiş zərbədir”.

Telman Nüsrətoğlu: Dövlətin başçısının xaricdə hörmət və ləyaqətlə təmsil olunması bütövlükdə millətin məsuliyyətidir
Telman Nüsrətoğlu vurğulayıb ki, Azərbaycan son illərdə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq layihələri çoxşaxəli xarici siyasətlə beynəlxalq sistemdə öz mövqeyini gücləndirərək yeni dünya nizamının quruculuğunda rol alan bir ölkəyə çevrilib:
“Türkiyəmizlə birlikdə Türk birliyi hədəfinin lokomotividir. Bu yüksəliş, şübhəsiz, Prezidentin, dövlət rəhbərliyinin apardığı strateji kursla bağlıdır. Belə bir mərhələdə dövlət başçısına qarşı aparılan destruktiv kampaniyalar təkcə daxili siyasi mübarizənin elementi kimi deyil, həm də Azərbaycanın beynəlxalq arenadakı mövqeyinə təsir edə biləcək faktor kimi qiymətləndirilməlidir.
Tənqid hüququ demokratiyanın ayrılmaz hissəsidir. Lakin dövlətçilik şüuru tələb edir ki, bu tənqid milli maraqların çərçivəsini aşmasın, dövlətin xaricdəki təmsilçiliyini zəiflətməsin və milli ləyaqətə xələl gətirməsin”.
“Azərbaycan Prezidenti yalnız siyasi fiqur deyil; o, dövlətin atributu, suverenliyin təcəssümüdür. Ona qarşı yönəlmiş hər bir həqarət, xüsusilə xarici platformalarda və “milli kimlik” pərdəsi altında həyata keçiriləndə, mahiyyət etibarilə Azərbaycan dövlətinə qarşı yönəlmiş bir davranışa dönüşür”, - deyə professor əlavə edib.
Onun sözlərinə görə, bu səbəbdən məsələni fərdi simpatiya və antipatiyalar səviyyəsində deyil, dövlətçilik, milli maraq və beynəlxalq nüfuz prizmasından dəyərləndirmək daha doğru yanaşmadır. Dövlətin başçısının xaricdə hörmət və ləyaqətlə təmsil olunması yalnız hakimiyyətin deyil, bütövlükdə millətin məsuliyyətidir.
Bakı 




