Cənubi Koreya Rusiyanın Ukraynaya hücumunun dördüncü ildönümündən bir neçə gün əvvəl, bu həftə sonu Seuldakı Rusiya səfirliyinin qarşısına "Qələbə bizim olacaq” yazılmış nəhəng bannerin yerləşdirilməsini pisləyib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin bazar günü verdiyi açıqlamada deyilir:
"Cənubi Koreya hökuməti həmişə Rusiyanın Ukraynaya müdaxiləsinin qanunsuz bir hərəkət olduğunu bildirib. Bu kontekstdə, Rusiya tərəfini Seuldakı Rusiya səfirliyinin divarlarında son zamanlar asılmış banner və Rusiyanın Cənubi Koreyadakı səfirinin açıqlamaları ilə bağlı mövqeyimizi bildirmişik".
Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev bu yaxınlarda cənubi koreyalı jurnalistlərlə görüşündə Şimali Koreya qoşunlarının Kursk bölgəsinin cənub hissəsinin Ukrayna qüvvələrindən azad edilməsinə verdiyi töhfənin vacibliyini vurğulayıb. Bu barədə "Çosun İlbo" qəzeti məlumat yayıb.
Qeyd edək ki, 2024-cü ildə Cənubi Koreya Rusiya ilə Şimali Koreya arasında müdafiə müqaviləsini təsdiqləməsindən sonra ciddi narahatlığını bildirib. Seul və Pxenyan Koreya müharibəsindən (1950-1953) sonra heç vaxt sülh müqaviləsi imzalamayıblar.
Aydın Baxış
Bakı 




