"Qanunsuz respublika 32 il əvvəl sentyabr ayında elan olunmuşdu. Yenə bir sentyabr ayında ömrünü tamamladı".
Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.
Politoloq bildirib ki,ermənilər ötən müddətdə həm bizi, həm də özlərini böyük bəlalara düçar etdilər: "İndi papaqlarını qarşılarına qoyub, "biz nə etdik və bundan sonra nə etməliyik" deyə soyuq başla öz mühakimələrini aparmalıdırlar. Bu balaca regionda qonşusundan oğurluq etmək, onu arxadan vurub, torpağını qoparmaq kimi axmaq və alçaq əməllərdən birdəflik imtina edib, dinc birgəyaşayışın alternativsiz tək yol olduğunu dərk etməlidirlər. Azərbaycan mütəfəkkirlərinin hələ Avropada inteqrativ proseslərin başlamadığı, əksinə, qitənin 1-ci dünya müharibəsindən 2-ciyə doğru addımladığı bir dövrdə irəli sürdükləri dahiyanə "Qafqaz Evi" ideyası bölgədə azərbaycanlılar, gürcülər və ermənilərin sülh və əməkdaşlıq şəraitində yaşamının təməlini təşkil edə bilər. (Yeri gəlmişkən, bu ideyanı 3+3 formatı ilə əlaqələndirənlərə inanmayın, heç bir əlaqəsi yoxdur.)".
Onun sözlərinə görə, bölgədə düşmənçiliklər bitməli, inkişaf mərhələsinə qədəm qoyulmalıdır: "Üç xalq olaraq Qafqaz Evi çərçivəsində bir əməkdaşlıq nümunəsi ortaya qoya bilsək, gələcəkdə bərabər Avropa Birliyinə də qəbul olunmağımız fantastik ehtimal kimi görünmür. (Yaxın həftələrdə Gürcüstana namizəd ölkə statusunun veriləcəyi gözlənilir.) Təbii ki, AB-yə qəbul mütləq şərt deyil, olmasa da olar".
Politoloq əlavə edib ki, Üzeyir Hacıbəyli hələ 1906-cı ildə yazırdı:
"...Biz hamımız Qafqaz balalarıyıq. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək. Əks surətdə heç bir işimiz düz gətirməz. Taleyimiz nifaq və ədavət üçün bizi bir-birimizə uğratmayıbdır... Biz hamımız Qafqaz balalarıyıq. Birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır. Bundan belə biz, qafqazlılar, bunu özümüzə rəhbər edib, buna müvafiq iş görməliyik..."
Ş.Cəfərli "Ermənilər şizofrenik xəyallardan tam və qəti şəkildə imtina edərək Üzeyir bəyin təsvir etdiyi düstur əsasında qonşuları ilə mehriban yaşamağı öyrənməlidirlər. Erməni millətçilərinə bənzəməyə başlamış və onlarla öz tarixini yarışdıran, "bu bölgədə ən qədim məhz millət bizik, biz burda var olanda başqa heç kim yox idi, bu coğrafiyanın hamısı bizimdir" şəklində fikirlərə inanıb, təbliğ edən bəzi azərbaycanlılar da bu boş işlərdən vaz keçməlidir. Bu tip iddiaların kimsəyə faydası olmadığını və ən əvvəl həmin iddia sahiblərinin özünə zərər vurduğunu ermənilərin timsalında hər kəs görmüş və dərk etmiş olmalıdır", - deyə vurğulayıb.
Aytac Aslan
















