• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Azərbaycanda uşaqpulu bərpa olunur? - 100 manatdan...

CƏMİYYƏT

01 May 2024 | 13:32

Azərbaycanda uşaqpulu bərpa olunur? - 100 manatdan...

Azərbaycanda 2006-cı ilədək təminatlılıq dərəcəsindən asılı olmayaraq, hər bir uşağa uşaqpulu ödənilirdi. Lakin sonrakı dövrdə bu vəsaitin verilməməsi cəmiyyətdə narazılığa səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu problemin hələ də aktual olmasına baxmayaraq, nə həll yolu açıqlanır, nə də ictimaiyyətə rəsmi açıqlama verilir. Məlumat üçün bildirək ki, uşaqpulu adlanan ödəniş hər bir uşağa ailəsinin gəlirinə əks mütənasib verilən pul yardımıdır.

Bəs görəsən, uşaqpulu yenidən bərpa olunmalıdırmı?

Elçin Bayramlı: Əgər bütün uşaqlara vəsait ayrılmırsa, ən azından...

Sosioloq Elçin Bayramlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uşaqpulu problemi uzun illərdir gündəmə gətirilir. Təəssüf ki, hələ də bu problemə qarşı rəsmi şəkildə reaksiya verilmir:

"Son 10 illik statistikaya görə, ölkədə yenidoğulanların sayı kəskin şəkildə azalıb. Artıq biruşaqlı ailə modelinə keçid olunub. Bu isə təhlükəlidir və yaxın gələcəkdə millətin yoxa çıxması deməkdir. Bir cəmiyyətin davamlı olması üçün ortalama uşaq sayı 3 hesab olunur. Lakin bu məsələdə ailələri qınamaq olmur. Hazırda orta statistik azərbaycanlının 1-dən artıq uşağı böyütməyə imkanı yoxdur. Hətta orta maaşla belə 2 və ya 3 uşağı böyütmək mümkün deyil".

E.Bayramlı qeyd edib ki, əksər ölkələrdə uşaqpulunun verilməsi prioritet sahələrdən biridir. Demək olar ki, bütün ölkələrdə uşaqpulu verilir. Bu addım uşaqların daha sağlam böyüməsi və gələcəyinin təminatı üçün həyata keçirilir.

"Ölkəmizdə uşaqpulunun verilməməsinin əsaslı səbəbi məlum deyil. Halbuki uşaqpulunun verilməsi vacibdir. Əgər bütün uşaqlara vəsait ayrılmırsa, ən azından ilkin mərhələdə 3 uşaqlı ailələrə yardım edilməlidir. Nəzərə alaq ki, Azərbaycanda uşaqpulunun verilməsi üçün maliyyə problemi yoxdur. Hər il dövlət büdcəsində 5-6 milyard manatlıq artım müşahidə olunur. Bundan başqa, 75 milyard manatlıq starteji ehtiyatımız var". - deyə sosioloq bildirib.

Natiq Cəfərli: Bu addım ailələrdə ikinci uşağa marağı da artıra bilər

İqtisadçı Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, uşaqpulunun bərpa olunması arzuolunandır. Bu addım ailələrdə ikinci uşağa marağı da artıra bilər:

"Təxminən 3 il öncə ReAL partiyası olaraq, uşaqpulunun bərpası ilə bağlı ən yaxşı hesablanmış və əsaslandırılmış təklif irəli sürmüşdük. İlkin mərhələdə ikinci uşağa 100 manat ayrılmaqla, uşaqpulunun bərpa olunması vacibdir. Bu il üzrə təqribən 1 milyard manata yaxın vəsait edir. Ölkədə ailələrin çoxu iki uşaqlıdır. Yəni 2 milyon 700 minə yaxın 0-18 yaşarası uşaqların 1 milyona yaxını məhz ikinci uşaqdır”.

Onun sözlərinə görə, irəli sürülən təkliflə ikinci uşağı stimullaşdırmaq da mümkündür. Ailələr ikinci uşağı planlaşdıranda ən azından yardım alacaqlarını düşünsünlər. Sonrakı mərhələdə ölkənin iqtisadi vəziyyəti düzəldikcə, bütün uşaqlara uşaqpulunun ayrılması mümkündür.

“Əgər uşaqpulunu 100 manatdan hesablasaq, bu halda il ərzində təxminən 3 milyard manata yaxın vəsait lazım olacaq. Bu rəqəm kiçik olmasa da, Azərbaycan iqtisadiyyatı bu yükü qaldırmağa qadirdir", - deyə Natiq Cəfərli vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

21 May 2024