Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası da sözügedən siyahıya əlavə edilib.
Bakıvaxtı.az Trend-ə istinadən xəbər verir ki, "Daşınmaz əmlakın idarə olunması" ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli, 503 nömrəli qərarı ilə təsdiq edilmiş bakalavriat ixtisaslarının təsnifatında texniki və texnoloji ixtisaslar qrupuna aid edilib.
Təsnifata əsasən, bu ixtisas qrupu isə I ixtisas qrupuna daxildir. Beləliklə, bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər I ixtisas qrupu üzrə imtahan verməlidirlər.
Bəs yeni ixtisas üzrə plan yerləri necə müəyyənləşəcək?
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra DİM-ə təqdim olunur:
"DİM həmin plan yerlərini "Abituriyent" jurnalında dərc edir və qəbul prosesini buna uyğun həyata keçirir. Qeyd olunub ki, plan yerlərinin müəyyənləşdirilməsi DİM-in səlahiyyətinə aid deyil - qurum yalnız təsdiq edilmiş yerlər üzrə qəbul aparır".
Qeyd edək ki, Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar əsasən ixtisas qrupları üzrə formalaşdırılır. Hazırda ölkədə I, II, III, IV və V ixtisas qrupları mövcuddur və bu qruplar üzrə yüzlərlə ixtisas tədris olunur.
Bakı 




