Azərbaycan son illər ərzində bir çox uğurlara imza atıb, qələbələr qazanıb. Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər ölkənin müasir tarixinin ən parlaq səhifələrini təşkil edir. Bütün bu uğur və qələbələr xalqın zəngin insan potensialı ilə əlaqəlidir.
Azərbaycanı dünyaya tanıdan neft sərvəti dövlətin iqtisadi gücü və qüdrətinə çevrilib. “Qara qızıl” adlandırılan neftin insan kapitalına çevrilməsi və vətəndaşlara xidmət etməsi üçün addımlar atılıb.
Bir il öncə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu dövrü “qara qızıl”dan “yaşıl qızıl”a keçid kimi qiymətləndirə bilərik. Söhbət turizmdən gedir. Hazırda hədəf ölkə iqtisadiyyatının turizmlə inkişaf etməsini təmin etməkdir.
Dövlət qurumları və ekspertlər bildirirlər ki, valyuta gətirən bu sahənin inkişafı üçün Qarabağda böyük potensial var.
Qarabağın turizm potensialı...
Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, Qarabağ bölgəmizin 30 il müddətində işğal altında qalması böyük həcmdə sosial və maddi zərərlə nəticələnib.
“İlkin araşdırmalara əsasən, 1988-ci il üzrə məlumat bazasına əsaslanaraq mehmanxanaların 17%-i Qarabağ bölgəsinə aid idi, bu isə 213 min adam sayına uyğun gecələmələrin sayı bu bölgəyə düşürdü. Şuşa şəhərində işğala qədər 400 yerlik istirahət evi, 130 yerlik “Şəfa” turist bazası, Şuşa sanatoriya-kurort birliyinə aid 1316 yerlik sanatoriya, sonuncu 1985-ci ildən sonra fəaliyyətdə olan ilk özəl sahə kimi “Zamanpəyə” (Soyuqbulaq) turist bazası fəaliyyət göstərib. Bundan əlavə, Ağdam rayonunda işğala qədər 100 yerlik Abdal-Gülablı sanatoriyası, 50 yerlik Şelli sanatoriyası, 40 nəfərlik Şahbulaq turist bazası fəaliyyət göstərmişdir. Hal-hazırda bu qeyd edilən ərazilər dağıdılıb və ya istifadəyə tam yararsız hala gətirilib. Nazirlər Kabineti yanında “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu”nun 2014-cü ildə dərc olunmuş sənədinə əsasən işğal altındakı ərazilərin turizm potensialına dəymiş zərər 57,903,033,600 AZN qiymətləndirilib”, - deyə DTA-dan bildirilib.
Qurumdan verilən məlumata görə, Qarabağın turizm potensialı ilə bağlı konsepsiya hazırlanır: “Ərazilərin turizm üzrə ilkin qiymətləndirilməsi, turizm resurslarının dəyərləndirilməsi, ərazinin turizm baxımından inkişafı ilə əlaqədar əsas iqtisadi fəaliyyətlərin yaradılmasına dair təkliflər, turizm məhsulları üzrə təkliflər, rekreasiya məqsədləri üçün zonalaşmasına dair təkliflər və digər məlumatları özündə əks etdirən konsepsiya sənədləri hazırlanır. Konsepsiya sənədində təqdim olunan məlumatlar ərazi planlaşdırma mütəxəssisləri tərəfindən dəyərləndirilir və ərazilərin baş planlarında nəzərə alınır.
DTA tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm baxımından qiymətləndirilməsi, planlaşdırılması və müəyyən edilmiş tədbirlərin icrası mütəmadi həyata keçirilir. Bu istiqamət üzrə Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına nail olunması məqsədilə turizm siyasəti və icrası baxımından strategiyası, planlaşdırılmasına dair müxtəlif sənədlər hazırlanır. İşğaldan azad edilmiş ərazilər üzrə əsas prioritet istiqamətlər bazar və klaster yanaşmalarının tətbiqi, qısa və uzunmüddətli strateji yanaşmaları təklif edən sənəd hazırlanıb”.
DTA-dan bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlar təhlükəsi olduğunu nəzərə alaraq, ərazilərə insanların təhlükəsiz turlarının təşkil edilməsi üzrə tədbirlər görülür: “Bu istiqamətdə Ağdam şəhərində turların təşkili üzrə marşrut müəyyənləşdirilmiş, ilkin infrastruktur işləri görülmüş (məlumatverici lövhələr quraşdırılmış) və tur proqramları hazırlanmışdır. Eyni zamanda, turların davamlı təşkili üçün bələdçilərə təlimlər keçirilib.
Bildiyiniz kimi, ümumi götürüldükdə Qarabağ regionu böyük turizm resurslarına malikdir. Mövcud olan resursların tam təhlili və turizm sənayesində davamlı istifadəsinə dair müvafiq işlərin aparılmasına ehtiyac vardır. Qeyd olunan bütün turizm resurslarının dəyərləndirilməsinin aparılması üçün metodologiya genişləndirilir. Metodologiya əsasında turizm baxımından ərazilərin dəyərləndirilməsi prosesi həyata keçiriləcəkdir. Bu istiqamətdə, Agentlik tərəfindən tədbirlər görülür”.
DTA-dan bildirilib ki, Daşaltı kəndinin turizm baxımından inkişafına dair turizm araşdırılması, turizm məhsulları və memarlıq həllərini özündə əks etdirən konseptual sənəd hazırlanıb və müvafiq olaraq təqdim edilib.
Bəs, Qarabağa nə zamandan turistlərin səfəri nəzərdə tutulub?
Agentlikdən deyilib ki, turistlərin daimi səfərlərinin həyata keçirilməsi üçün müvafiq infrastruktur yaradılmalıdır: “Bu istiqamətdə, dövlət başçısının sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı və onun nəzdində İdarələrarası Mərkəzin İşçi Qrupları ilə birgə dövlət qurumları tərəfindən birgə tədbirlər icra olunmaqdadır. Bu sahədə işlər sürətli şəkildə icra olunur. Lakin turistlərin daimi səfərinin həyata keçirilməsinin dəqiq zamanını qeyd etmək mövcud vəziyyətdə mümkün deyildir”.
Qarabağın turizm hekayəsi…
Turizm üzrə ekspert İnnarə İbrahimova bildirib ki, o, Qarabağa turizm marşutlarını hazırlayır: “Mənim də əslim qarabağlıdır. Ata-babalarımın yaşadığı torpaqlar haqqında turizm marşrutları yazmaq, əcnəbi turistlərə tanıtmaq mənim üçün çox qürurvericidir. İndiyə kimi şəkillərdə göstərdiyim uşaqlıq xatirələrimi artıq turizm mütəxəssisi kimi canlı olaraq tanıdacağım üçün çox xoşbəxtəm. Babam uşaq vaxtı İmarətə aparıb tariximizi danışırdı. Oradakı Xan qızı Natəvanın ev muzeyi, məqbərəsi, çinar ağacları, buz kimi suyu olan səfalı artizan quyusu uşaqlıq illərimin ən gözəl xatirəsidir. Əmimin həyətində əkdiyi zəfəranlar hələ də gözlərimin önündədir. Qırxbuğum çayının ətri burnumdan getməyib, yanında nənəmin öz həyətimizdən dərib bişirdiyi zoğal mürəbbəsinin dadı hələ də yadımdan çıxmayıb.
Təsadüfi deyil ki, mən turizm sahəsində karyeraya başlayarkən ilk olaraq Qarabağ turu haqqında fikirləşirdim. Və bu istəyimi 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırdım. “Qarabağ turu” adlı turizm marşrutunu hazırladım. Bu marşrut Bakı-Bərdə-Ağdam-Ağcəbədi-Beyləqan-Füzuli rayonlarını əhatə elədi. Çalışdım ki, Qarabağın tarixini, mədəniyyətini, mətbəxini xaricilərə göstərim. Ağdam musiqi məktəbi və at zavodunu Ağcəbədidə təqdim etdim”.
Ekspertin sözlərinə görə, o, xoşbəxtdir ki “Qarabağ turu”nun ikinci hissəsini reallaşdıra biləcək: “Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Qarabağ turizm potensialına görə, qısa zamanda dünyada ən məşhur turizm mərkəzinə çevriləcək.
Qarabağda turizmin bir çox növləri-ekoturizm, dağ turizmi, qastronomik turizm, qış turizmi, ov turizmi, sport turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar mövcuddur.
Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, təbii landşaftı, tarixi-memarlıq abidələri, mətbəxi, qədim qalaları, məscidləri, karvansarayları, məqbərələri, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək.
Bölgənin turizm potensialı çox zəngindir. Qarabağda müxtəlif tipli turizm obyektləri tikilməlidir. Dünya brendləri olan 5 ulduzlu lüks otellər, yerli markamız olan 5 ulduzlu otellər, 3-4 ulduzlu mehmanxanalar, qonaq evləri, istirahət mərkəzləri, ticarət obyektləri, müalicə sanatoriyaları tikilməlidir.
Qarabağda tarixin izləri hər şəhərdə var. Azıx mağarası, alban məbədləri, qədim xristian monastrları, paleolit dövrünün izləri, xanların qalaları və s. olan tarixi turlarımız dünyada tanınmalıdır”.
İ.İbrahimova qeyd edib ki, Qarabağı tanıtmaq üçün müxtəlif istiqamətdə tanıtım işləri görülməlidir: “Bölgəyə tanınmış bloggerlər, jurnalistlər, fotoqraflar dəvət olunmalıdır. Dünyada keçirilən turizm sərgilərində Qarabağın turizm potensialı tanıdılmalıdır. Turizm şirkətlərinin nümayəndələri dəvət olunub, reklam turu keçirilməlidir.
Biznes turlar təşkil edib, xarici invertorları regiona cəlb etmək olar. Xudafərindən keçən qədim “İpək Yolu”-nu bərpa edib, infoturlar təşkil edə bilərik. Eyni zamanda Xudafərin yolu vasitəsilə İranlı turistləri qəbul etmək olar. Artıq Naxçıvan tərəfdən də fərqli, maraqlı turlar təşkil etmək daha uyğun olacaq.
Şuşadakı “Çətir” şəlalələri turu çox məhşur turizm destinasiyası olacaq. Gözəlliyi, füsunkar təbiəti ilə bərabər sağlamlıq üçün də əlverişli məkandır.
Qarabağın təbiəti unikaldır. Turizm üçün ideal coğrafiyadır. Dünyada son illər baş verən hadisələr sağlamlıq turizminin vacib olduğunu göstərdi. Və Qarabağın müalicə turlarını dünyaya tanıtmağın vaxtı gəldi.
Kəlbəcərdə, Laçında yerləşən yeraltı su yataqları - İstisu, Minkənd, Turşsu bazası, Tutqunçay kimi mineral bulaqlar, təbii meşələr müalicəvi istirahət mərkəzləri üçün idealdır. Qubadlının sarı bulağı, paşa bulağı müalicə turizmində xüsusi rol oynayacaq.
Bundan əlavə Zəngilanda çoxlu sayda termal sular var. “Şuşa sanatoriyası”, Ağdamın “Gülablı sanatoriyası” qısa zamanda dünya sağlamlıq turizm destinasiyasına çevriləcək”.
İ.İbrahimova bildirib ki, koronavirus pandemiyasından sonra hər kəs ciyərlərini bərpa etmək üçün Qarabağa - müalicə turizmi üçün gəlməlidir: “Şuşanın quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsizdir.
Cəbrayıl rayonu işğaldan öncə “Kiçik Soçi” adlandırılırdı. 11 iqlim qurşağının 9-u Cəbrayıl rayonundadır. Bu da ciyərlərin sağlam olması üçün oksigen terapisayına əlverişli şəraitdir. Regionda mütləq sanatoriya tikilməlidir.
Fransız yazıçısı Aleksandr Düma “Qafqaza səyahət” əsərində Qarabağa xüsusi yer ayırıb. Bu əsərdən ilhamlanıb “Aleksandr Düma Qafqazda” turunu əcnəbilərə təqdim etmək lazımdır. Burada Xan qızı Natəvanın simasında Azərbaycan xanımı obrazını, ailə dəyərlərimizi, mədəniyyətimizi, qonaqpərvərliyimizi, milli geyimlərimizi sərgiləmək olar.
Musiqimiz, rəqslərimiz dünyaya Qarabağda tanıdılmalıdır. Ağdam xalça fabriki yenidən bərpa olunub, mütləq xarici qonaqlara təqdim ediməlidir.
Sevindirici məqamdır ki, artıq vətənə gələn turistlərə Qarabağ mətbəxini Qarabağda təqdim edəcəyik. Qastronomik turlar üçün yeni istiqamətimiz artıq Qarabağdır. Nənəmin, bibimin evdə bişirdiyi Qubadlı aşı, “Avdal qutabı” Qarabağda, Abdal Gülablıda hazırlanan ləzzətli xüsusi reseptli düyü qutabı, Qarabağın qırxbuğumlu aşı, Ağdamın balbası, Pənahəli xanın dövründə hazırlanan “qiyməli plov”, Şuşanın məhşur “Şeşrəngi” aşı, axtalı-zoğallı aş, nardança, habelə Qarabağ kətəsi kimi gözəl təamlar təqdim olunacaq”.
Ekspert qeyd edib ki, idman turizmi də vacib məqamdır: “Məsələn, Ağdamın İmarət stadionu tarixidir. İllərdir Qarabağ komandası layiqincə dünyada Qarabağ adını tanıdır. İndi isə əlavə olaraq İmarət stadionun ətrafında idman turizmi üçün əlverişli infrastruktur (otellər, idman bazaları) yaratmaqla xarici idman klublarının təlim-məşq toplanışını orada keçirmək olar.
Qubadlıda Qaçaq Nəbi haqqında məlumat verib, əsrlərdi vətənimizin mərd, qorxmaz qəhrəmanları olduğunu bütün dünyaya çatdırmaq lazımdır. Qubadlı rayonunun gözəl təbiəti, oradakı Həkəri çayının təbii gözəlliyi turistləri heyran edəcək.
Qarabağ atlarını da xüsusi qeyd etmək istəyirəm. Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın “Əlyetməz”-i, “Xan”-ı artıq Şuşada, Cıdır düzündə təqdim olunmalıdır. Qarabağ atları qədim alban atlarının növünün davamçısıdır.
Ağdam at zavodu yenidən fəaliyyətə başlamalıdır. Atçılıq turizmi reklam olunmalıdır. Cıdır düzündə beynəlxalq sərgilər, tanıtımlar keçirilməlidir.
Qarabağ hər fəsildə turizmə uyğundur. Qış turizmi üçün də ideal məkandır. Mütləq Dağ-xizək kompleksi tikilməlidir. İsveçrənin Alp dağlarındakı turizm modelini tətbiq etmək olar. Potensialımız Qafqazın ən böyük turizm mərkəzini yaratmağa imkan verir.
Mən əminliklə deyə bilərəm ki, dünyanın yeni turizm destinasiya brendi artıq vətənimizdir, Qarabağdır! Bütün ölkələrin turist axını Qarabağa olacaq”.
Turizm bumu…
Azərbaycan Turizm Assosiasiyasında daxili turizm komissiyasının sədri Əziz Şiriyev bildirib ki, dünyada ən çox reklam olunan sahənin turizm olduğunu nəzərə alsaq, Qarabağda turizm bumu yaşanacaq: “Ora mütəmadi olaraq turlar təşkil olunacaq. Eləcə də, haqq savaşımızda bizə dəstək verən Türkiyə və Pakistan turistlərinin ora cəlbi olunması da nəzərdə tutulur. Gələcəkdə də digər ölkələrin turistlərini bura cəlb etməliyik və dünyaya göstərməliyik ki, Qarabağ Azərbaycandır. Vətən müharibəsində bunu necə göstərdiksə, turizm sahəsində də bunu göstərməliyik”.
Turizm üzrə ekspert Dinara Ağayeva bildirib ki, turizm sahəsinin gəncləri daha çox sevdiyini nəzərə alaraq, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi və digər aidiyyatı qurumlar kompleks şəkildə əməkdaşlıq etməlidir: “Gənclər arasında “Qarabağın turizm hekayəsi” adlı müsabiqə elan etmək olar. Gənclər 5-6 dəqiqəlik videogörüntü şəklində material hazırlasınlar. Qalib videohekayə Qarabağın turizm inkişafı üçün səmərəli istifadə oluna bilər”.
D.Ağayeva deyib ki, turizm marşrutları üzrə bələdçilər daha çox yerli sakinlərdən ibarət olsun: “Yaxşı olar ki, turizm marşrutları hazırlanandan sonra artıq yerli turizm şirkətləri üçün ora bir infotur təşkil olunsun. Bundan sonra şirkətlər maraqlı infotur təşkil etsinlər. Hər zaman deyirəm ki, Azərbaycanın potensial turistləri məhz özümüzük. Pandemiya dövrü bunu təsdiq etdi”.
Ağlabatan qiymət seçimi
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, turistlərin ölkəyə cəlb edilməsi üçün qonşu ölkələrin – Türkiyə və Gürcüstanın təcrübəsi öyrənilə bilər: “Turist turizm marşrutunu seçərkən bura sərf ediləcək ümumi xərcləri alternativ marşrutların ümumi xərcləri, eləcə də əldə edəcəyi faydaları müqayisə edir. Bu baxımdan aviabiletlər, otel və restoran qiymətləri ağlabatan olmalıdır. Tutaq ki, otel ucuzdur, ancaq aviabilet dəfələrlə bahadırsa, bu turistin ümumi xərcini artırmış olur. Turistlərin ölkəyə rahat daxil olması üçün məhdudiyyətlər aradan qalxmalıdır. Turizm şirkətlərinin və agentliklərinin birlikdə ərzaq planını hazırlayıb təqdim etməsi də önəmli məqamlardandır”.
Ramid İbrahimov