2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən başlayır.
Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq.
Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq.
Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.