Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də Bakının Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Belə ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bundan başqa Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski, İsmayıl Hidayətzadə küçələrinin bəzi yerlərində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.




