34 nömrəli tam orta məktəbin həyətində kütləvi dava olması və XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) bıçaqlanması barədə məlumat həqiqəti əks etdirmir.
Bakıvaxtı.az xəbər verir ki, Məktəbdən verilən məlumata görə, valideynlərin yazılı qaydada bildirdiyinə görə adıçəkilən şagirdin qardaşı 11.06.2023-cü ildə dostu ilə Nabranda istirahət mərkəzində mübahisə ediblər, daha sonra Nərimanov rayonunda məhəllələrin birində mübahisənin davamı olub:
"Bu əsnada məktəbin şagirdi də qardaşına görə hadisənin iştirakçısına çevrilib. Həmin şagird bu gün dərs prosesində iştirak edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır" - məktəbin məlumatında bildirilib. /APA
10:10
Daxili İşlər Nazirliyi Bakıda bıçaqlanma hadisəsinə münasibət bildirib.
Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Bakıvaxtı.az-a bildirib ki, hadisə iyunun 11-də Nərimanov rayonu ərazisindəki məhəllələrin birində baş verib.
“Belə ki, 2002-ci il təvəllüdlü Zeynal Turabov tanışı Röyal İsrəfilova aralarında yaranan mübahisə zəminində bıçaqla xəsarət yetirib. Hadisə ilə bağlı rayon polis idarəsində araşdırma aparılır. Hər iki tərəfin izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir”, - o deyib.
***
Bakının Nərimanov rayonunda kütləvi dava düşüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə 34 nömrəli orta məktəbin həyətində baş verib.
2002-ci il təvəllüdlü İsrəfilov Röyal Abas oğlu və 2006-ci il təvəllüdlü Turabov Zeynal Məmmədəli oğlu dava zamanı bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
















