“BakıKart”ın ödəmə terminallarında olan problemlərlə bağlı şikayətlər ara vermir.
Bakıvaxtı.az-a gələn belə şikayətlərdən biri də kartın balansının artırılması zamanı ödəmə terminalının qəpik pulu qəbul etməməsi ilə bağlıdır.
Şikayətçilər bildirirlər ki, “20-ci sahə”dəki dayanacaqda, “Jurnalistlər binası”nın həyətində quraşdırılmış terminallar qəpik pulları qəbul etmir. Bu isə sərnişinlərin balans artırmasında çətinliklərə səbəb olur.
Qeyd edək ki, oxşar vəziyyət təkcə adıçəkilən ərazilərlə məhdudlaşmır. Müxtəlif ərazilərdəki dayanacaqlarda yerləşdirilən terminallarda da eyni problem müşahidə olunur.
Paytaxr sakini Təbriz Əlizadə əməkdaşımızla söhbətində bildirib ki, “BakıKart”ın terminallarında qəpiklə kartının balansını artıra bilmir:
“BakıKart”ın terminalları qəpiyə yaxın durmur. Bəlkə mənim cibimdə kağız pulum yoxdu. Belə çıxır ki, onda avtobusa minməyək?”
Şikayətçi problemin aradan qaldırılması üçün tədbir görülməsini istəyir.
Məsələ ilə bağlı Bakıvaxtı.az “BakıKart”a sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, “BakıKart” problem ilə bağlı məlumatlıdır:
“Bildirmək istəyirik ki, alternativ olaraq, siz online (bakikart.az, Birbank və M10) vasitəsi ilə "bakikart" kartına istənilən məbləğdə yükləmələr edə bilərsiniz”.
Mina Mikayılova