Bayram bazarlığı ilboyu edilən bazarlıqlardan fərqli olur. Çünki hamı hər şeyin ən yaxşısını almaq istəyir. Ancaq çox vaxt nə qədər diqqət etsək də, keyfiyyətsiz məhsul alır, məyus oluruq. Bayram bazarlığında nələrə diqqət etməliyik ki, yanılmayaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bayramlarda tələbat artdığı üçün qiymətlər bahalaşır, keyfiyyət aşağı düşür: “Yəni, bazar tələb və təklif aksiomu ilə işləyir. Təəssüflər olsun ki, istehsalçılar və satıcılar istehlakçıların təlabatının artmasından sui-istifadə edirlər”.
E.Hüseynov deyir ki, bütün dünyada bu problem var: “Ona görə də, bayramdan sonra Azad İstehlakçılar Birliyinə zəhərlənmələr, partlamayan şampanlar barədə şikayətlər daxil olur”.
Onun sözlərinə görə, hər bir məhsulun öz spesifik xüsusiyyətləri var: “Məsələn, fındıq alan zaman fındığı qırıb ləpəsini yeməsinlər. Fikir versinlər, ləpəni kəsəndə içərisində düyü yerləşəcək qədər boşluq var. Əgər o çökək yer qəhvəyi, sarı rəngə dönübsə, bu o deməkdir ki, ləpənin içərisində aflatoksin göbələkləri var. Bu, çox təhlükəli göbələkdir. Ümumiyyətlə, kiflənmiş qoz, ləpə, ağıza acılıq verən bu cür məhsulları heç vaxt udmasınlar. Spirtli içki alan zaman buraxılma və son yararlılıq müddətinə diqqət etsinlər”.
AİB sədri bildirib ki, alıcılar üzərində tarix yazılmayan malları almaqdan imtina etsin: “Bəzi məhsullar yararlılıq müddəti bitmədən əvvəl xarab ola bilər. Bu, saxlanma şəraitindən asılıdır. Ona görə, şokoladları, konfetləri açıb baxmaq lazımdır. Əgər üstündə göbələklər, boz rəng varsa, belə malları almaqdan imtina edilməlidir. Bütün hallarda yerli məhsullara üstünlük vermək lazımdır. Xaricdən gətirinlər kolbasalar və ət məhsulları çox yaxşı etiketlənmiş olur, lakin, əksəriyyətinin içərisində ətdən başqa hər şey var. Onlara çoxlu kimyəvi dadverici maddələr vurulur. Çox təəssüflər olsun ki, ən brend dükanlarda belə yerli istehsal mallarına 30%, xaricdən gətirilənlərə isə 70% yer verirlər. Alıcılar bu cəlbediciliyə inanmasın, yerli mallara üstünlük versinlər. Yerli məhsullar bütün xarici mallardan üstündür. Hansı məhsulun buraxılma tarixi ilə son yararlılıq tarixi arasındakı müddət azdırsa, onu almağa üstünlük verin. Çünki məhsulun ömrünü uzadan maddə insan ömrünü qısaldır”.
Aytac Aslan
















