Böyük Britaniyanın BBC yayım korporasiyası ABŞ prezidenti Donald Trampın çıxışının təhrif olunmasına görə üzr istəyib, amma onun hüquq komandası tərəfindən tələb olunan təzminatı ödəməkdən imtina edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə korporasiya yaydığı açıqlamada bildirilir.
BBC-nin hüquqşünasları Trampın komandasından bazar günü daxil olan məktuba rəsmi cavab göndəriblər. BBC İdarə Heyətinin sədri Samir Şan isə Ağ Evə ayrıca məktub ünvanlayaraq, 6 yanvar 2021-ci il çıxışının yayımlanan proqramda yanlış şəkildə montaj edilməsindən təəssüf etdiklərini bildirib. Həmçinin vurğulanıb ki, həmin veriliş artıq efirə verilməyəcək.
BBC bununla belə, təzminat üçün əsas olmadığını düşünür.
“Videomaterialın montaj olunmasına görə səmimi şəkildə təəssüf edirik, lakin böhtan iddiası üçün hər hansı əsas görmürük”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, qurum 2024-cü ilin oktyabrında yayımlanan Panorama proqramı ilə qalmaqalın mərkəzinə düşüb. Həmin buraxılışda Trampın çıxışının montajı elə təqdim edilmişdi ki, guya o, Konqres binasının ələ keçirilməsinə çağırır. Halbuki o, fikrində vətəndaş mövqeyinin yalnız dinc yollarla ifadə edilməsini vurğulamışdı.
Qalmaqaldan sonra BBC-nin baş direktoru Tim Deyvi və xəbərlər şöbəsinin rəhbəri Debora Tornes istefa veriblər. Trampın hüquqşünasları korporasiyadan verilişi 14 noyabr tarixinədək silməyi, rəsmi şəkildə üzr istəməyi və təzminat ödəməyi tələb edərək, əks halda 1 milyard dollarlıq məhkəmə iddiası qaldıracaqlarını bildirmişdilər.
Bakı 



