Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının qurultayı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, 350 nümayəndənin iştirak etdiyi qurultayda partiyanın siyasi şurasının tərkibi təsdiqlənib. Partiyanın nizamnaməsinə edilmiş dəyişikliyə əsasən Siyasi Şuranın üzvlərinin sayı partiyanın sədri ilə yanaşı, 15 nəfər müəyyənləşib.
Bunlar Baş nazir İrakli Qaribaşvili, partiyanın baş katibi, Tbilisi meri Kaxa Kaladze, parlament sədri Şalva Papuaşvili, partiyanın parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze, mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani, daxili işlər naziri Vaxtanq Qomelauri, Acarıstan Muxtar Respublikasının hökumət sədri Tornike Rijvadze, parlamentin birinci vitse-spikeri Gia Volski, vitse-spikerlər Arçil Talakvadze, İrakli Çikovani, Dmitri Samxaradze, Xarici Əlaqələr kommitəsinin sədri Nikoloz Samxaradze, hüquqi məsələlər komitəsinin sədri Anri Oxanaşvli, iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili, Avropaya İnteqrasiya komitəsinin sədri Maka Boçorişvilidir.
Bundan başqa qurultayda partiyanın fəxri sədri vəzifəsi təyin edilib ki, bu vəzifə partiyanın təsisçisi, milyarder iş adamı Bidzina İvanişvliyə verilib. Bununla da İvanişvilinin növbəti dəfə rəsmi şəkildə siyasətə qayıtması təsdiqlənib./apa
***
14:24
Gürcüstanda hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurultayında keçmiş baş nazir, milyarder Bidzina İvanişvili fəxri sədr seçilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin əvvəlində siyasi fəaliyyətini başa vuran B.İvanişvili yenidən siyasətə qayıdır.
"Üç il əvvəl mən fəal siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə cəmiyyətə məlumat verdim. İndi isə öz təşəbbüsümlə partiyanın fəxri sədri statusunda siyasi həyata qayıdıram", - o qeyd edib.
















